“Ermənistanda keçirilən seçkilər gözləniləndən daha artıq saxtakarlıqlarla müşaiyət olundu”. Teleqraf.com-un məlumatına görə, bunu açıqlamasında AŞ PA-nın komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, Serj Sərkisyan komandasının hələ seçkilərdən öncə inzibati resurslardan istifadə etməsi, müxalif qüvvələrə qarşı davranışları seçkinin nəticələrinin saxtalaşdırılacağından xəbər verirdi. Onun sözlərinə görə, saxtakarlığın miqyasının bu qədər böyük olması isə ölkədə siyasi böhranın kritik vəziyyətdə olduğunu bir daha aşkara çıxardı: “Seçkilərin nəticələrindən qaynaqlanan siyasi qarşıdurmalar Ermənistanda yenidən kütləvi aksiyalara rəvac verə bilər. Artıq Ermənistan əhalisi anlayır ki, Sərkisyan komandası ölkədə hər hansı irəliləyişə nail ola bilməyəcək. Seçkidən öncə müxalifətin Ermənistanın inkişafı ilə bağlı fikirlərinin hamısında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi qırmızı xətlə keçirdi. Artıq Ermənistanda hər kəs dərk edir ki, bu dövlətin varlığı üçün mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı ölkənin siyasi gündəmi yeni qarşıdurmaların olacağını deməyə əsas verir. Saxtakarlıqların miqyası o qədər böyükdür ki, bunu gizlətmək mümkün deyil. Digər tərəfdən Sərkisyan komandasının özbaşınalıqlarından cana doyaraq ölkəni tərk edənlərin də sayı artmaqdadır. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu sual altına düşür”.
Səxavət