Milli Məclisdə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması məsələsi ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinə və İnzibati Məhkəməsinə müraciət edilməsi təklif olunub.
Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Parlamentin Rusiya Dövlət Duması ilə dostluq qrupunun rəhbəri Əli Hüseynli çıxış edib.
Komitə sədri deyib ki, ÜAK-a Rusiya Ədliyyə Nazirliyindən sənədlərin qaydaya salınması ilə bağlı üç dəfə müraciət olunub: “Sonuncu dəfə 2016-cı ilin oktyabr ayında müraciət edilib. 2016-cı ilin dekabr ayında ÜAK-ın qurultayı keçirildi və Fazil Qurbanov sədr seçildi. Bu qurultayda sənədlərdə düzəlişlərin edilməsi üçün müvafiq işlərin görülməsinə başlanıldı. Amma çox təəssüf ki, bu ilin mart ayında Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi tələbi ilə Ali Məhkəməyə müraciət etdi. Mən bir hüquqşünas kimi qeyd etməliyəm ki, Rusiya qanunvericiliyində sənədlərin düzgün olmaması ilə bağlı 3 addım nəzərdə tutulur. Bunlardan biri xəbərdarlıq, ikincisi cərimə və yalnız sonuncusu ləğvetmədir. Amma çox maraqlıdır ki, sonuncu addımı ilk addım kimi atmaq barədə qərar verilir. Çox istərdim ki, bu məsələyə siyasi yox, hüquqi cəhətdən yanaşaq. Mən ad çəkmək istəmirəm, amma Azərbaycandakı rus icmasının sənədlərində də çatışmazlıqlar var. Buna baxmayaraq, bizim tərəfdən heç vaxt ləğvetmə ilə bağlı məsələ qaldırılmayıb. Çünki bu, hüquqi sistemdə ən sonuncu addımdır. Əminəm və ümidvaram ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin bu müraciətini rədd edəcək”.
Komitə sədri ÜAK-ın fəaliyyətinin Azərbaycan üçün çox lazımlı olduğunu vurğulayıb. Spiker Oqtay Əsədov Ə. Hüseynlinin təklifini dəstəkləyib.
Deputat Elmira Axundova isə ÜAK-ın çox ciddi və güclü təşkilat olduğunu, bölgələrdə 74 təşkilatının fəaliyyət göstərdiyini, üstəlik, yüzlərlə xeyriyyəçilik işlərini həyata keçirdiyini bildirib: “Guya sənədlərdə texniki problem olub. Amma əminəm ki, səbəb başqadır. Rusiyada yüzlərlə erməni təşkilatları var. Bu yaxınlarda Rusiyada “Bolşaya Armeniya”, “Novo Naxiçevanskie” təşkilatları peyda olub. Bütün bu qanunsuz əməllərə nədənsə Rusiyanın müvafiq orqanları göz yumur. Əminəm ki, burada da erməni izi var və heç də səbəb texniki məsələ deyil”. Elmira Axundova Rusiyadakı dostlarına müraciət edərək, onları ÜAK-a dəstək olmağa çağırıb.
Spiker Oqtay Əsədov da yaranan problemin tezliklə həll olunacağına inandığını söyləyib: “Söhbət Rusiaydakı ən böyük icma ilə bağlı narahatlıqdan gedir. Ona görə də bu istiqamətdə işləri davam etdirmək lazımdır”.
Deputat Əhliman Əmiraslanov da məsələ ilə bağlı etirazını bildirib: “Bu təşkilatı qeydiyyatdan keçirməmək Rusiyada böyük nüfuza malik olan insanlara və quruma qarşı təxribatdır. Bu əmələ yol verənlər Azərbaycana qarşı düşmən mövqeyində olan admalardır, dostluq münasibətlərinə yönəlmiş zərbədir”.
Deputat Çingiz Qənizadə də məsələdən narahat olduğunu vurğulayıb: “Biz artıq Rusiyadakı QHT rəhbərlərinə müraciət edib narahatlığımızı ifadə etmişik. Ç.Qənizadə dedi ki, bu təşkilatın yaradılmasında mərhum prezident Heydər Əliyevin iradəsi rol oynayıb və Putin də razılığını verib. Amma biz bu prosedurları izlədikcə görürük ki, ortada müəyyən maraqlar var. İstisna deyil ki, burada erməni barmağı var. Ancaq bəs, niyə Rusiyanın rəsmi qurumları bu çirkin oyuna düşüblər? Azərbaycanda 350-dən çox məktəbdə rus dili tədris olunur, bütün ali məktəblərdə rus dili fakültələri var və 16 min nəfər rus dilində təhsil alır”.
Ç.Qənizadə məhkəmənin bu qanunsuzluğu rədd edəcəyinə ümid etdiyini vurğulayıb:
“Əks halda, təbii ki, biz dövlət olaraq öz sözümüzü deyəcəyik”.
Dostluq qrupunun rəhbəri Əli Hüseynli isə Ədliyyə Nazirliyinin qeydiyyatın ləğvi ilə bağlı narahatlığını ifadə edib: “Eyni zamanda biz bunu təxribat kimi dəyərləndiririk. Bizi təəccübləndirən budur ki, Azərbaycan-Rusiya münasibətlərində körpü rolunu oynayan bir təşkilatın qeydiyyatını ləğv etmək üçün məhkəməyə müraciət edilib. Rusiyadakı dairələr biləlidir ki, bu, hüquqi məsələ olsa da, bizi da çox narahat edən siyasi addımdır”.
Ə.Hüseynli məsələ ilə bağl Rusiyadakı müvafiq qurmlara müraciət edəcəyini bildirib.
Cavad