11 Aprel 2017 19:39
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyasının Məclis üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP sədri Əli Kərimlinin ünvanına ağır ittihamlar irəli sürüb, Milli Şuranın aprelin 8-də keçirdiyi mitinqin fiaskoya uğradığını iddia edib.

Teleqraf.com-un məlumatına görə, Mustafa Hacıbəyli xatırladıb ki, partiyaların və müstəqil təşkilatların birgə mitinq keçirməyə hazırlaşdığı vaxt, bununla əlaqədar qərarın qəbuluna həm Müsavatın, həm də bir sıra tanınmış ictimaiyyət nümayəndələrinin razılığı ortada ikən, Milli Şura birgə mitinqin təşkilinə yox, təkbaşına aksiyanın keçirilməsinə qərar verdi: “Lakin AXCP sədri Əli Kərimli paylaşdığı video-müraciətdə “Ən böyük biclik düzlükdür” misalını xatırlatsa da, 8 aprel mitinqinin zəif olduğunu boynuna alsa da, bu mövzuya toxunmur heç. O, diqqəti mitinqlə əlaqədar düşərgənin daxilindən gələn iradlara yönəldir, əsas iradın üzərindən isə sükutla keçir. Əli Kərimli etiraz aksiyalarının forması, yeri, şüarları haqda indiyə qədər rast gəldiyimiz və rast gəlmədiyimiz iradlara, bəzən onların mahiyyətini də təhrif edərək cavab verir. Amma bəlkə də ən çox tutulan iradı – “mitinqləri niyə bir yerdə keçirmirsiniz” məsələsini görməzdən gəlir”.

Mustafa Hacıbəyli Milli Şuranın aprelin 8-də keçirdiyi mitinqi fiasko adlandırıb: “Bu mitinqin uğursuzluğunun zərbəsi tək Milli Şuraya, yaxud AXCP-yə yox, bütövlükdə demokratik düşərgəyə dəyir. Biz ümumi amal naminə fərdi haqsızlıqların üzərindən keçirik. Amma israrla nümayiş etdirilən eqoizm, səhvlərdən nəticə çıxarılmaması bu qeydləri yazmağa vadar elədi. Özü də bilir və başqa kontekstdə etiraf edir ki, bir partiyanın fədakarlığı ölkədə köklü dəyişikliklərə nail olmaq üçün yetərli deyil. Amma yeri gəldi-gəlmədi az qala hər nəfəsində “biz ən…”, “biz yeganə…” sözlərini təkrarlayır və çıxış yolu kimi, hər kəsi AXCP üzvü olmağa çağırır. Bu eqoizmin, şəxsi və təşkilat maraqlarının ümumi maraqları üstələməsinin acısını artıq neçənci dəfədir ki, dadmaqdayıq. Ötən ilin senyabr ayında da hərəkatın artan xətt üzrə inkişafına bu eqoizm imkan verməmişdi. Referendum kampaniyası dövründə müxalifətin 3 uğurlu mitinq keçirməsinə imkan vardı. Əgər 11 sentyabrda nardaranlıların da meydana xeyli adam çıxarması müqabilində qabağa düşən Milli Şura sentyabrın 18-də Müsavatın mitinqini dəstəkləsə və sentyabrın 24-nə birgə mitinq çağırışına qoşulsaydı, aksiyaların artan xətt üzrə inkişafı təmin ediləcəkdi. Amma o vaxt da Əli Kərimli əvvəlcə sentyabrın 17-də araya mitinq salmaqla, sonra isə 24-də – referendum qabağı təbliğatın pik günündə mitinqdən, ümumiyyətlə, imtina etməklə, bu şansın üzərindən xətt çəkmişdi”.

Onun fikrincə, siyasi kuluarlarda istifadə olunan “mənim müavinlərimin azadlığı tələbiylə birgə mitinq keçirilməyib, Mehmana görə niyə keçirilsin” arqumenti, yaxud “birgə mübarizə istəyirlərsə, Milli Şuradan niyə çıxmışdılar” arqumenti çox acizdir: “Məqsəd siyasi koalisiyaya qoşulub-qoşulmamaq hüququndan istifadə etdiyi üçün hansısa partiyadan intiqam almaq yox, mübarizəni irəli aparmaq, genişləndirməkdirsə, bu arqumentlər çox acizdir”.

Mustafa Hacıbəyli Əli Kərimliyə apardığı siyasi xətti dəyişməyi tövsiyə edib: “Xəttin dəyişdirilməsini təklif edənlərə qulaq asmayacaqsansa, təklifləri mübarizəni dayandırmaq kimi yozub, “Mübarizənin alternativi daha artıq mübarizədir” kimi gəlişigözəl sözlərlə uzağa gedə bilməzsən. Yerində duracaqsansa, insanların ayağına getməyəcəksənsə, onları öz ayağına çağıracaqsansa, gəlməyəcəklər, gəlmədilər də. Barı nəticə çıxaraydı, çıxarana oxşamır”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər