Bu gün Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası başlayıb.
Xarici İşlər Nazirliyinin Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edir.
Birgə Komissiyanın iclasının işində hər iki ölkənin Dövlət Komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak edir.
İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılır. Eyni zamanda, Birgə Komissiya tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılması və təsdiq edilməsi nəzərdə tutulur.
Birgə Komissiyanın iclası 17 aprel 2017-ci il tarixinə qədər davam edəcək.