Bunu İstanbulda farsdilli Gem TV şirkətinin təsisçisi və direktoru Səid Kərimianın qətlə yetirilməsi ilə bağlı Teleqraf.com-un suallarını cavablandıran Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı deyib.
O bildirib ki, İran hakimiyyəti onun əleyhdarlarını xaricdə də rahat buraxmır, onların əleyhinə dünyanın hər yerində fəal iş aparır:
“İran İraqda, Suriyada, Yəməndə nə qədər güclüdürsə, başqa ölkələrdə bundan daha artıq güclüdür. Onların əlləri Avropadan tutmuş Amerikaya qədər hər yerə uzanır”.
Onun sözlərinə görə, iqtidar ölkə daxilindən fərqli olaraq xaricdə olanlara digər vasitələrlə fiziki təzyiq göstərə bilmir:
“İranı tərk etmiş insanlar ya ölkənin mətbuatında, televiziyalarında ifiralara məruz qalır, ya da xaricdə aradan götürülür”.
Sözügedən televiziyanın fəaliyyətinin İran hakimiyyətini narahat etdiyini vurğulayan B.Muğanlı Gem TV-nin əsasən, hökumət üzvlərinin yol verdikləri maliyyə yeyintiləri, dövlətin əmlakının mənimsənilməsi, korrupsiya və sair neqativ məsələlərlə bağlı süjetlər yayımladığını qeyd edib:
“Onun ölümü İran kəşfiyyatının işidir. Onların adamları var və bu işi həyata keçirirlər”.
Bəs, Azərbaycanda yaşayan güneyli mühacirləri və fəalları da hər hansı təhlükə gözləyə bilərmi? B.Muğanlı deyir ki, o rejimdən hər şey gözləmək mümkündür: “Ancaq biz hələlik buna bənzər hallarla rastlaşmamışıq”.
Qeyd edək ki, S.Kərimian Məslək ərazisində küveytli biznes tərəfdaşı ilə yanaşı vurulub. Cinayətdə istifadə edilmiş avtomobil sonradan yanmış halda tapılıb.
Türkiyə polisi hadisəni araşdırır. Hadisənin səbəbi bəlli deyil, amma BBC-nin fars xidmətindən Jiyar Qol deyib ki, ölümün arxasında İran kəşfiyyatının olduğuna inananlar var.
Səxavət