Teleqraf.com Habertürk-ə istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində Çukurova Universiteti Balcalı Təhsil və Araşdırma xəstəxanasında tibb bacısı vəzifəsində çalışan Mərvə Keleş dostunun vasitəçiliyi ilə özünü internetdə estetik mütəxəssis kimi tanıdan Sonər G. adlı həkimlə tanış olub. Dodağına dolğu etdirmək istəyən Keleş Azərbaycanda tibb təhsili aldığını iddia edən Soner G.-yə əvvəl 500 lirə müqabilində müvəqqəti dolğu etdirib. Dolğu bir həftədə əridiyi üçün bu dəfə 1000 lirəyə silikon dolğu üçün razılığa gəliblər. Çalışdığı klinikanın təmirdə olduğunu əsas gətirən həkim pasiyentini ev şəraitində əməliyyat edəcəyini deyib və əməliyyat 3 həftə əvvəl reallaşıb. Mərvə Keleş əməliyyatdan yarım saat sonra dodağının şişdiyini görüb və həkimi ilə əlaqə saxlayıb. Soner G. isə pasiyentinə infeksiya yoluxduğu üçün xəstəxanaya getməyi məsləhət görüb. Öz çalışdığı xəstəxanada müayinə olunan gəncə bildiriblər ki, dodağından dolğu zamanı istifadə edilən maddə çıxarılmazsa, o, dodaqlarından məhrum oluna bilər. Güzgüyə baxmaqdan belə qorxduğunu deyən Keleş hadisə ilə bağlı polisə müraciət edib. Soner G. isə iddiaları rədd edib və vizajist olduğunu deyib.
Mərvə Keleş isə həkimin təkzibi ilə razılaşmadığını dilə gətirib. Onun sözlərinə görə, Soner G. ilə tanış olarkən o, Türkiyədə 2 il tibb təhsili aldığını, sonra təhsilini Azərbaycanda davam etdirdiyini bildirib:
“İnternetdə özünü estetik mütəxəssis kimi tanıdırdı, əməliyyatdan sonra araşdırma apardıq, məlum oldu ki, vizajist imiş. 18 gündür xəstəxanada yatıram. Həkimlər bu şəxsin dolğu üçün nədən istifadə etdiyini bilmirlər. Ona görə də müalicə oluna bilmirəm. Bu həftə əməliyyat olacağam, bəlkə də dodağımı tamamilə itirəcəyəm”.
Kəmalə