16 İyul 2014 10:50
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

USAID 2,4 milyonluq qrantı niyə gizləyir?

USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə qrant elan etməsi ciddi suallar doğurub. 2,4 milyon ABŞ dolları məbləğində nəzərdə tutulan qrant müsabiqəsi üçün isə cəmi 1 həftə vaxt verilib. Elan vaxtı çox qısa müddətə - iyunun 30-dan iyulun 7-dək müəyyən edilib. Bu elanı maraqlı edən başqa bir məqam isə bu barədə heç bir media qurumuna məlumat verilməməsidir.

Hətta ABŞ-dan maliyyələşən Azadlıq Radiosunda da qrant layihəsi barədə 1 cümlə belə yoxdur.

Məlumatlara görə, USAID-in Azərbaycandakı ofisi bu elan barədə yalnız tenderdə qalib ola biləcək Qərb yönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Şəffaflığın nümayiş etdirilməsi baxımından isə saytlardan birinin görünməyən yerində ictimailəşdirilməyən bir elan qoyub. Beləliklə də, elanda şəffaflıq prinsipi pozulub, elan gizlin və xəlvəti şəkildə verilib.

Qrant elanında qeyd edilir ki, bütün təşkilatlar bu elana ərizə ilə müraciət edə bilərlər. Amma heç bir QHT və media qrumuna bu elan barədə öncədən məlumat verilməyib.

Elanın vaxtı bitdikdən sonra yerli mediaya sızan məlumata görə, onun məqsədi vətəndaşın informasiyaya çıxışına dəstək, İKT-nin genişləndirilməsi, inkişaf üçün imkanları kapitallaşdırmaqdır. Bunun isə əsas məqsədi sosial dəyişiklik, yüksək keyfiyyətli informasiya əldə etmək, yaymaq sahəsində mediaya dəstək vermək, media azadlığını təşviq etmək, media azadlığının ifadəsi üçün imkanlar yaratmaq, hüquqi müdafiəni gücləndirməklə peşəkar standartları gücləndirməkdir. Layihənin müddəti 3 illikdir. Bu qədər pulun hansı media qurumuna verildiyi də çox maraqlıdır.

Faktdır ki, hətta ən təcrübəli QHT-lər də bir həftə müddətinə 2,4 milyonluq nəhəng müsabiqə üçün layihə yaza bilməz.

ABŞ səfirliyi mediadan xəbərsiz “Azərbaycan mediasının inkişafı üçün” qrant elan etməsini təzkib etsə də, sözügedən qrant barədə xəbər məhz Sonia Pun imzası ilə iyunun 30-də dərc edilib. Yazının "skrinşot"-nu təqdim edirik


ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edir ki, USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi ilə bağlı yayılan məlumatlar yanlışdır.

Səfirlik bir söz deyir, USAİD ayrı

Səfirlikdən bildiriblər ki, USAID qrantı öz www.grants.gov saytında yerləşdirib və veb-sayt da ictimaiyyət üçün açıqdır: “Elan ictimaiyyət üçün açıq olub. USAID normalda etdiyi kimi, bu dəfə də layihəyə dair qrant məlumatlarını yerli media daxil olmaqla, hər bir kəs üçün açıq olan www.grants.gov saytında yerləşdirib”.

ABŞ səfirliyindən qeyd etdilər ki, bu günə kimi hələ qaliblər elan olunmayıb.
USAID-in adını açıqlanmasını istəməyən əməkdaşı isə bildirdi ki, qaliblərin adı yaxın zamanda açıqlanacaq. Hazırda sözügedən layihə ətrafında iş getdiyini söylədi.

Qaliblərin adı gizli saxlanılır

Sadəcə qrant layihəsinin gizli saxlanması Azərbaycan mediasında geniş rezonans doğurduğundan qaliblərin adı ara səngiyəndən sonra açıqlanacaq.

Hazırda qrantın müddəti başa çatdığından www.grants.gov saytında sözügedən qrant barədə heç bir məlumat çıxmadı.

USAID-dən Azərbaycana nə qədər qrant axıb?

1992-ci ildən Azərbaycana qrant ixrac edən təşkilatın xasiyyətnaməsində deyilir: “Təşkilat ABŞ hökumətinin xarici yardım üzrə agetliyidir. Agentlik uzunmüddətli iqtisadi inkişafa nail olmaq istiqamətində fəaliyyətləri dəstəkləyir və dünyanın müxtəlif regionlarında yardım proqramları həyata keçirir. USAID-in əsas diqqəti uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlib. USAID tərəfindən həyata keçirilən proqramlar kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar sahələrin inkişafına kömək etmək məqsədi daşıyır”.

Təşkilat 1992-dən Azərbaycana 300 milyon dollar həcmində qrant ayırıb. Məlumatlara görə, son illər ərzində təşkilat 8 milyon 200 min dollar, daha sonra 93 min manat vəsait ayırıb. Ayrılan vəsait əsasən Qərbyönümlü “Açıq Fikir Universiteti” (bu universitetin bağlanmasına birbaşa ABŞ hökuməti reaksiya vermişdi), “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (rəhbəri məşhur qərbpərəst Anar Məmmədli və bu səpkidən olan təşkilatlar arasında bölüşdürülüb.

Xəbərlərə əsasən, ABŞ-ın əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi bir çox hallarda öz əməliyyatlarını həyata keçirərkən USAID-dən pərdələnmək üçün istifadə edir.

Gizlilik nəyə xidmət edir?

Bəs praktik cəhətdən 1 həftə ərzində 3 ili əhatə edən və 2 milyon yarımlıq dəyərində layihə yazmaq mümkündürmü?

YAP-dan reaksiya

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda yalnız hökumətin əleyhinə çıxış edən QHT-ləri maliyyələşdirir: “Bu da cəmiyyətdə istər-istəməz suallar yaradır. Qrant ayrılan layihələr tarixi, mədəni, yaxud iqtisadi araşdırmalara deyil, sırf iqtidara qarşı təzyiq, yaxud müxalifət partiyalarını dolayısı yolla maliyyələşdirən layihələrdir”.

Onun sözlərinə görə, bu proses xüsusilə seçki dönəmində daha da intensivləşir: “Təsadüfi deyil ki, mediada vaxtaşırı məlumatlar yayılır, lakin bu təşkilatlar bu barədə danışmaqdan imtina edir. Lakin o faktdır ki, bu qrant müsabiqələrinin siyasi məzmunu var və bir çox hallarda məqsəd Azərbaycanın daxili işlərinə qarışmaqdır”.

Millət vəkili qeyd edib ki, indiyə qədər bu cür cəhdlər nəticə verməyib: “Bu cür cəhdlər heç bir halda cəmiyyət tərəfindən dəstəklənməyib və hesab edirəm ki, bundan sonra da belə olacaq”.

“Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar”

Milli QHT Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, istər dövlət və qeyri-hökumət təşkilatları, istərsə də beynəlxalq təşkilatlar qanun çərçivəsində şəffaf fəaliyyət göstərməlidir. Onun fikrincə, təşkilatlar müəyyən olunmuş əsasnamə, akkreditasiyasına müvafiq olaraq mandatı əsasında öz işini qurmalıdır: “Gizli deyil ki, bir çox beynəlxalq təşkilatlar uzun müddətdir yalnız məhdud sayda QHT-lərlə əməkdaşlıq edirlər, digər QHT-lərə qrantların verilməsində obyektiv olmurlar. Onlar öz seçdikləri partnyorlardan başqa heç kimə qrant vermirlər. Onların maraqlarını ifadə edən bir qrup QHT-lərə qrant ayırıb, digərləri ilə isə işləmək niyyətində deyillər. Bu da beynəlxalq təşkilatların qeyri-şəffaf fəaliyyət göstərməsini sübut edir. Beynəlxalq təşkilatlar öz fəaliyyətlərinə yenidən baxmalı, şəffaflığı təmin etməli və obyektivliyi unutmamalıdır. Onlar bizim ölkəmizdə hökumət qurumlarından, QHT-lərdən, ictimai birliklərdən şəffaflıq tələb edirlərsə, birinci növbədə özləri şəffaf olmalıdır. Hər bir beynəlxalq təşkilat beynəlxalq hüquq normalarına hörmət etməklə yanaşı, Azərbaycan qanunlarına və Konstitusiyamıza hörmətlə yanaşmalıdır”.

“Haqlı şübhələr yaranır”

R.Zeyninin sözlərinə görə, beynəlxalq təşkilatların təcrübəsinə əsasən qrant layihəsi ən azı 1 ay əvvəlcədən elan olunur və onun başa çatma müddəti barədə dəqiq informasiya yayılır: “Bu, həm qhtxeber.az, həm də resurs.az saytlarında, eləcə də digər mətbuat orqanlarında dərc edilir ki, QHT-lər müsabiqədə iştirak edə bilsinlər və rəqabət olsun. Maliyyənin həcmi və səviyyəsinə uyğun olaraq layihənin təqdim olunması üçün çox vaxt verilir. Belə olan təqdirdə daha samballı və peşəkar layihələr təqdim oluna bilər. USAID-in 1 həftə müddətinə elan olunan layihəsinin hazırlanması üçün vaxt çox az qoyulmuşdu. Bunun nə üçün yarımgizli və qapalı formada təqdim olunmasının səbəbləri məlum deyil. USAID kimi uzun müddət Azərbaycanda fəaliyyət göstərən ABŞ-ın beynəlxalq təşkilatı daha obyektiv və şəffaf olmalıdır ki, nümunəvi olsun.

2,4 milyon dollar həcmində qrantın ayrılması haqlı şübhələr yaradır. Adətən, təşkilatlar saytlarına müraciət qoyur. Amma layihə barədə məlumat saytın görünməyən hissəsinə, görünməmək şərtilə və çox məhdud sayda adamın bildiyi səviyyədə yerləşdirilirsə, təbii ki, burada QHT, vətəndaş cəmiyyəti və media nümayəndələrinin haqlı olaraq sualı yaranır ki, bunu gizlətməkdə məqsəd nədən ibarətdir?"

Yada salaq ki,Azərbaycana son olaraq böyük həcmdə ayrılan qrant ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin təmsilçisi Aleks Qriqorevsin bank hesabından çıxardığı 2 milyon dollarlıq maliyyə idi. Azərbaycanda prezident seçkisi öncəsi qarışıqlıq yaratmaq və “Facebook və rəngli inqilablar”a cəhd ətrafında ciddi müzakirələr getdi. 2013-cü ilin prezident seçkiləri ərəfəsində məhz bu institutun təxribatçı fəaliyyəti və Azərbaycandakı müxalif qüvvələrə qeyri-qanuni maliyyə yardımı ayırması Aleks Qriqoryevsin şəxsiyyəti ətrafında siyasi qalmaqala səbəb oldu və faktiki olaraq onun ölkəmizdən deportasiya olunması ilə nəticələndi.

USAID yeni qrant layihəsi ilə humanitar yardım edəcəyini bəyan etsə də, bu layihənin seçkilərə hesablandığı şübhə doğrumur. Qrantın ayrılacağı təşkilatların adının gizli saxlanması onu göstərir ki, 2015-ci il parlament seçkilərinin şübhə altına “alan” təşkilatlar arasında bölüşdürüləcək. Siyasi ssenarilərin reallaşması üçün ən münbit şərait seçki dönəminə uyğun olduğundan nəzərlər də 2015-ci il seçkilərinə yönəlib.

“Humanitar yardım” adı altında vətəndaş cəmiyyətləri üzərində siyasi xəttin yürüdülməsi SSRİ-nin süqutundan sonra ən çox işlənən mexanizm olub.

KİVDF-nin USAID-dən fərqi

Əlavə edək ki, Azərbaycan mediasının inkişafı üçün yerli təşkilatlar da yardım göstərir və zaman-zaman maliyyə ayırır. Bunlardan biri də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur (KİVDF). KİVDF “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamına uyğun olaraq yaradılıb.

Fondun beynəlxalq təşkilatlardan fərqi onun bütün cəbhələrdə olan təşkilatlara, həm müxalifət, həm də iqtidar düşərgəsində təmsil olunan təşkilatlara yardım etməsindədir.

KİVDF-nin sonuncu dəfə mediaya maliyyə yardımı iyunun 27-də Müşahidə Şurasının iclasında qərara alınıb. 33 qəzetə 1 milyon 235 min manat pul ayrılıb. 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə əvvəlcədən elan olunmuş və ölkə mediasında bu barədə məlumat dərc olunmuşdu.1 aydan çox müddətə verilən müsabiqəyə 35 redaksiyadan layihə təklifi təqdim edilib. 33 redaksiyanın təqdim ertdiyi layihə təklifi müsabiqənin şərtlərinə uyğun olub və nəticədə maliyyə yardımı qazanıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, KİVDF-nin maliyyə ayırdığı qəzetlər sırasında mərkəzçi və hökumətyönlü mövqe tutan qəzetlərlə yanaşı, müxalifyönlü “Yeni Müsavat” və “Bizim Yol” qəzetləri də vardı.

KƏMALƏ


Müəllif: