11 May 2017 16:55
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirli bilinən Rəhim Kərimovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.

Qərara görə, prokurorun apelyasiya protesti və təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədov apelyasiya şikayətində müvəkkili barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini istəyib.

Vəkil bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə bəraət hökmü çıxarılmasını istəyib.

Prokurorluq isə təqsirləndirilən şəxsin barəsində daha ağır cəza verilməsini tələb etmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin o, 5 il sürücülük hüququndan məhrum olunub.

Hadisə ötən il mayın 11-də, gecə saat 03:00-də Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı sakini Rəhim Kərimov idarə etdiyi "Mersedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də dünyasını dəyişib.

Tərtər Hərbi Məhkəməsinin hakimi olmuş Elbəyi Allahverdiyevin oğlu, 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş. Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub. Elbəyi Allahverdiyev əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim işləyib, sonradan Tərtər Hərbi Məhkəməsinə hakim təyin olunub.

Bu qəzadan sonra Elbəyi Allahverdiyev Bakı Hərbi Məhkəməsinə təyinat alıb. Elbəyi Allahverdiyev hazırda MTN generalı Akif Çovdarovun və dəstəsinin cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər