5 İyun 2017 15:40
355

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Bayramov ifadə verib.

Elman Bayramov bildirib ki, 2015-ci il noyabrın 29-da Lənkəranda əməliyyat keçiriblər:

“Əməliyyat zamanı təqsirləndirilən Elman Ağayevi həbs etdik. Saxlanılan zaman Elman Ağayevin üzərindən Taleh Bağırovun müraciət kitabçası olduğu deyilən kitabça, evindən isə silah tapıldı. Siz internetdə Elman Ağayevin çıxışlarına baxsanız görərsiniz ki, dövlət əleyhinə çıxışlar edib. Taleh Bağırovu Lənkəranda qarşılayıb məscidə də aparıblar. Mən dörd il Lənkəranda işləmişəm. Orada tanışlarım var. Elmanla bağlı araşdırmalar aparmışdım və onun haqqında rəhbərliyə məlumat vermişdim”.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Üzeyir Salahov ifadə verib. O, təqsirləndirilən şəxslərdən Əli Hüseynovu saxladıqlarını, üzərindən Taleh Bağırovun müraciət kitabçası, evindən isə qumbara aşkar edildiyini deyib.

Proses iyunun 12-də davam edəcək.


Müəllif: Hacı Zeynalov
Загрузка...