24 Aprel 2014 13:39
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədrəddin Quliyev: “Prezidentin Böyük Millət Məclisində çıxışı Makedoniya türklərində dərin izlər buraxıb”

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Makedoniyada səfərdə olub. Partiya sədri Makedoniya səfərinin təəssüratları, keçirdiyi görüşlər, apardığı müzakirələr, bu ölkədə yaşayan türklərin durumu haqda Teleqraf.com-a danışıb.

B. Quliyev aprelin 27-də Makedoniyada parlament seçkilərinin keçiriləcəyini, türklərin seçkilərdə aktiv olacağını bildirib: “Bu ölkədə yaşayan türklər də seçkilərə qatılacaq. Səfərimizin əsas məqsədi müttəfiqimiz olan Türk Hərəkat Partiyasına mənəvi dəstəyimizi ifadə etmək idi. Göstərmək istəyirdik ki, həm bizim burada yaşayan türklərlə əlaqəmiz var, həm Türk Hərəkat Partiyasının arxasındayıq, həm də Azərbaycan türkləri, türk dünyası ilə bu toplumun əlaqələri mövcuddur. Oradakı türklər Makedoniya cəmiyyətinə inteqrasiya edib, siyasi mübarizədə olduqca fəaldırlar. Bu mübarizənin əsas mahiyyəti seçki prosesində iştirak edərək yer tutmaq, cəmiyyətə inteqrasiya olunmaq, Makedoniya hökumətində təmsil olunmaq və bu təmsilçilikdən istifadə edərək ölkədə yaşayan türklərin hüquqlarını müdafiə etməkdir. Məhz bu səbəblərdən biz Makedoniyaya səfər etmişdik”.

Partiya sədri deyib ki, Makedoniya əsasən makedonlardan, albanlardan və türklərdən ibarətdir: “Türklər burada sayına görə üçüncü toplumdur. Onların sayı 100 mindən az deyil. Osmanlı dövründən sonra orada köçlər olub. Orada yaşayan türklər neçə illərdir ki, mübarizə apararaq özlərinin milliliyini, dilini, mədəniyyətini saxlayıblar. İndiyə qədər türklər bu ərazidən üç dəfə köç ediblər. Amma ölkə müstəqillik əldə etdikdən sonra türklər Makedoniyanın ictimai-siyasi, mədəni, iqtisadi-sosial həyatında mümkün qədər fəal olublar. Xüsusilə, qeyd edim ki, bu ölkədə türklərə qarşı xüsusi rəğbət var. Makedoniyada türklərin üç partiyası var. Türk Hərəkat Partiyası, Türk Demokrat Partiyası və Makedoniya Türk Partiyası fəaliyyət göstərir. Türklər hər yerdə təmsil olunur və həlledici məqamlarda da bir yerdə olmağı bacarırlar. Partiyalar mövcud şəraitə uyğun olaraq bir ələ stavka etmirlər, siyasi gedişatlar edirlər, “şanslı kim olacaqsa, toplumun da haqqını o müdafiə edəcək” prinsipi əsasında işlərini qururlar”.

B. Quliyev daha sonra söyləyib ki, Makedoniya səfəri çərçivəsində çoxsaylı görüşləri olub: “Daha sonra əyalətlərə getdik, soydaşlarımızın yaşadığı kəndlərə baş çəkdik. Qostuvarda, Qönçədə olduq. Qönçədə demək olar ki, bələdiyyəni türklər təmsil edir. Makedoniya Konstitusiyasına görə, burada yaşayan xalqların partiya yaratmaq, seçkili orqanlarda təmsil olunmaq, seçmək və seçilmək hüquqları var. Hazırda Türk Hərəkat Partiyası Sosial Demokratlar Birliyi Partiyası ilə koalisiyaya qoşulub. Koalisiyada türklər seçki bülletenində birinci sıralardadır. Orada hakimiyyətə gəlməkdən ötürü türklər koalisiyaya daxil olmalıdır. Çünki bu günün tələbidir. Nəzərə alın ki, seçicilərin sayına əsasən türklərin təkbaşına hökumət qurmaq şansının olmadığına görə koalisiyada təmsil olunmaq siyasi mühitin diktə etdiyi reallıqdır. Makedonlar və albanlar çoxluq təşkil etdiyindən türklər bu reallığı qəbul edirlər. Biz səfərimiz çərçivəsində Türk Hərəkat Partiyasının daxil olduğu koalisiyanın üzvləri ilə görüşlər keçirdik. Eləcə də, müxtəlif yerlərdə toplantılarda iştirak etdik. Böyük coşğu ilə rastlaşdıq. Azərbaycan türklərinin ora getməsi, bu ölkədə yaşayan türklərlə maraqlanması, əlaqə qurması çox müsbət və sevinclə qarşılanır. Azərbaycana qarşı o qədər dərin və səmimi bir məhəbbət gördüm ki, buna heç harada rast gəlməmişdim. Azərbaycan xalqına çox yüksək şəkildə yanaşırdılar, yəni Azərbaycan türkünün onlarla həmrəy olması, dəstək verməsi onlar üçün böyük moral idi. Orada türk dünyasının mərkəzi və qapısı kimi Azərbaycanı görürlər. Mənə ən çox maraqlı gələn Azərbaycan prezidentinin Türkiyə Böyük Millət Məclisində son çıxışının bu ölkədə böyük sevinclə qarşılanması oldu. Prezidentin türkçülüklə bağlı çıxışı, türk dövlətlərinin münasibətləri haqda fikirləri, türk dövlətlərinin zirvə görüşlərinin təşkili onlarda çox böyük rəğbət yaradıb. Biz orada Sosial Demokrat Birliyi Partiyasının baş katibi Oliver Sasovski ilə görüşərək fikir mübadiləsi apardıq. Eləcə də, koalisiyada təmsil olunan digər partiyaların da rəhbərləri ilə müzakirə apardıq”.

CHP sədri daha sonra deyib ki, Azərbaycanın bu ölkədə səfirliyi yoxdur: “Azərbaycanın Montoneqroda olan səfiri həm də bu ölkəyə baxır. Ancaq gələcəkdə bu ölkədə Azərbaycan səfirliyinin açılması, Azərbaycan sərmayəsinin Makedoniyaya, xüsusilə türklərin yaşadığı bölgəyə getməsi çox yaxşı olardı. Açığını deyim ki, mən orada tamam başqa bir ovqat gördüm. Dövlət başçımızın Böyük Millət Məclisində çıxışı burada yaşayanlar türkləri çox təsirləndirib. Orada bizim Türkiyədən daha çox türklərin hüququnu qorumağımızı gördüm. Onların özü də Azərbaycana tam başqa ovqatla baxırlar”.

Nemət


Müəllif:

Oxşar xəbərlər