6 İyul 2017 16:56
563

Son günlər REAL Hərəkatı ilə AXCP arasında müşahidə olunan qarşıdurmaya artıq Milli Şura, habelə Vətəndaş Həmrəyliyi Partiyası da (VHP) qoşulub.

Teleqraf.com xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı REAL-a qarşı ittihamlar səsləndirib.

Rafiq Manaflı deyib ki, son günlər AXCP ilə REAL Hərəkatı arasında dartışma gündəmə çevrilib və sosial şəbəkənin daha çox istifadəçisinin diqqətini cəlb edib: “Düzü, bu dartışmaya qarışmaq fikrindən uzağam. Çünki AXCP-də onlarla adam tanıyıram ki, gözü ayağının altını görməyən, özündən müştəbehləri qatlayıb cibinə qoymağa savadları çatar. Savad demişkən, 45-50 yaşlı REAL-çıların yeniyetmə gənclərlə bütün mübahisələrdə yeganə arqumentləri olan “savadsız” ittihamına münasibət bildirmək istəyirəm. Neçə illərdir ortadasınız, amma sizin nə danışığınızda, nə yazınızda, özünüz qəbul etdiyiniz anlamında, elə bir aşıb-daşan savad görməmişik.

Əgər professor Cəmil Həsənliyə, professor Elmira xanım Muradəliyevaya savadsız deyirsinizsə, görünür ki siz savad deyəndə nə isə başqa şey nəzərdə tutursunuz. Sözüm bu son dartışmalara səbəb olan hücumdandır. Bu hücum Erkin Qədirli və Altay Göyüşovla başladı. Məqsəd də ən savadsız adama belə aydın idi - gündəmi dəyişmək və yarınmaq. Bu proses indi başlamayıb. Natiq Cəfərlinin məlum fikri ilə start götürüb, Altay Göyüşovun isə son açıqlaması ilə davam edir. Əgər bilməyə Altay Göyüşovun savadı çatmırsa, nə deməli olduğunu bilmirdisə, heç nə deməli deyildi. Təbrik edirəm sizi, əziz REAL-çı gənclər, gündəmi dəyişməyə nail oldunuz”.


Müəllif: Cavad