7 İyul 2017 11:20
1 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-nə keçən gecə, saat 2.30-da Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində bıçaqlanma baş verib.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü İlqar İsmayılov 4 nəfərin hücumuna məruz qalıb.

İlqar hadisəni belə nəql edib:

“Lökbatanda yaşadığım üçün orada məni tanıyırlar. Çoxlu müştərilərim olur. Gündüzlər müştəri olmadığı üçün daha çox gecələr işləyirəm. Bəzi müştərilərimlə münasibət səmimi ola bilir. Bir qadın var, ailəlidir, iki övladı da var. Bu qadının uşaqlarını bir neçə dəfə həkimə aparmışam.

Qaynı ilə münasibətim var, toylarında da olmuşam. İyulun 1-i gecə qadın zəng edib xahiş etdi ki, uşağı üçün qızdırma dərmanı alım. Alıb apardım, qapıdan qadına dərmanı verib, pulu götürəndə arxadan bir neçə nəfər vuraraq məni içəri saldı. Blok qaranlıq olduğu üçün mən orada heç kimi görməmişdim. Məni evə salan kimi bıçaqlamağa başladılar. Əllərim qan içində idi, üzümü çevirəndə üzümdən də vurdular. Qarşımdakıları vurub, əllərindən çıxıb qaçmaq istəyəndə, bir qadın qarşımı kəsib qaçmağıma mane oldu, oğlu da gəlib arxadan tutdu məni. Birtəhər əllərindən çıxıb, özümü pəncərədən çölə atdım”.

Dediyinə görə, onu vuranlar qadının uzaq qohumları olub:

“Mənə elə gəlir ki, qadının bu adamlarla nəsə problemi var, onu şərləmək istəyirlər, bu səbəbdən də arada mən qaldım. Mənim o qadınla heç bir münasibətim olmayıb. Mən orada da dedim ki, qadını şərləməyin, aramızda heç nə yoxdur”.

Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10 saylı polis bölməsində təhqiqat aparılır. /Sputnik/


Müəllif: Teleqraf.com