Teleqraf xəbər verir ki, bu haqda İndependent.com saytı xəbər yayıb.
Məlumatda qeyd edilir ki, Körfəz böhranından sonra rəsmi Ər-Riyad Səudiyyə Ərəbistanından Qətər Əmirliyinə bir neçə yüz dəvənin keçməsinə icazə verib. Eyni zamanda Səudiyyə də olan qətərli sahibkarlar bu ölkədən deportasiya olunur. Bu səbəbdən fermerlərin minlərlə dəvəsi susuzluqdan və 50 dərəcə istinin təsirindən tələf olur.
İndependent.com bildirir ki, minlərlə dəvə sərhəddə 50 dərəcə isti altında gözlədilir və bu zaman su problemi yaşanır. Qətərli fermerlərin deportasiya edilməsi səbəbindən sahibsiz qalan dəvələr yol boyunca sanki ölüm üçün düzülüb.
Səid Al Hacar adlı fermer bildirib ki, çox kədərli durum yaranıb: “Dəvələr hara gedəcəklərini bilmədikləri üçün yollarda yorulub. Günün altında qalıblar”.
Fermer Hüseyn Al Marri isə deyib ki, Səudiyyə Ərəbistanından geri qayıtdığı zaman yollarda yüzdən çox dəvə leşi, təxminən bu qədər sahibsiz dəvə və qoyun görüb.
Qətər Ekologiya Nazirliyi isə bildirib ki, sərhədi keçərək ölkəyə daxil olan 8 mindən çox dəvəni sığınacaq, su və yemlə təmin edib. Eləcə çoxlu sayda baytar və mütəxəssislər dəvələrə xidmət göstərib.
Statistikaya görə Körfəz böhranından bu yana 12-15 minə qədər heyvan tələf olub.