13 İyul 2017 14:23
2 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz dostlarım, mənə “qara piar” edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən, bunlar heç biri o döyüş meydanlarına yaxın getməz. Sizə gözəl əhval-ruhiyyə arzulayıram.

Teleqraf.com xəbər verir ki, bu sözləri dünən erməni musiqiçisi Varujan Şahbazyana tərif yazdığına görə tənqid olunan xalq artisti Brilyant Dadaşova bu gün instaqramda yazıb.

Müğənni rəqs edən videosunu paylaşaraq, onun barəsində yazanları qınayıb.

Brilyant Dadaşovanın mətbuat işləri ilə məşğul olan Hüseyn Cavadzadə isə dünən axşam Teleqraf.com-a müğənninin bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirmişdi: “Brilyant xanım sözünü demiş sənətçidir. Özü bu barədə danışmaq istəmir. O, şərhi də özü yazıb və bunu danmır. Lakin bilmədiyiniz məsələlər var. Brilyant xanımın şərh yazdığı erməni köhnə Bakı sakinidir. Deyiləsi sözü var, amma uzatmaq istəmir…”

Qeyd edək ki, dünən erməni musiqiçisinin instaqram paylaşımının şərh bölümünə “super” yazaraq, çoxlu ürək, gül və bəyəndim işarələri qoyan xalq artisti Brilyant Dadaşovanın bu hərəkətinin insanlar tərəfindən xoş qarşılanmadığı və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olduğu barədə xəbər vermişdik.

Bu xəbər yayılandan bir qədər sonra, yəni dünən axşam Brilyant Dadaşova həmin erməni musiqiçinin paylaşımının altındakı şərhini silib. Eyni zamanda instaqramdakı “Brilyant_Dadashova” adını dəyişərək, “Brilyant_Dadashova_official” edib.

Həmçinin ötən günkü qınaqlardan və mediadakı yazılardan sonra erməni Varujan da instaqram profilini gizli edib və Brilyant Dadaşovanı izləyənləri siyahısından çıxarıb.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər