24 İyul 2017 12:36
620

İyulun 23-nə keçən gecə Xətai rayonunun ərazisində yerləşən və oğlumun direktor olduğu şirkətin ofisini yarıblar. Oğrular kamera görüntülərini toplayan cihazı aparmaq istəyiblər, amma əvəzində “ups” deyilən stabilizatoru götürüblər bisavadlar…

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Azər Qərib bildirib.

Onun sözlərinə görə, oğrular pəncərənin dəmir barmaqlıqlarını qırıb içəri daxil olublar və seyfdə olanları aparıblar: “Mən səhər hadisə yerinə çatanda, artıq polis özünü çatdırmışdı, həm Xətai rayon Polis İdarəsinin, həm 37-ci bölmənin əməkdaşları sağ olsunlar.

Kriminalistlər və müstəntiqlər işləyirdi, qonşuları dindirirdilər, barmaq izləri-filan...

Mən isə bütün sahibkarlara tövsiyə etmək istəyirəm ki, obyektlərinizin mühafizəsini polisə tapşırın, müqavilə bağlamaq elə də baha deyil. Məsələn, sözü gedən şirkət vaxtında bunu etsəydi, bəlkə də bu hadisə baş verməzdi…”

Azər qərib bildirib ki, oğlunun ofisi sığortalanıb: “Amma onlar seyfin içinə cavabdeh deyillər və yalnız ofisə dəyən ziyanı kompensasiya edəcəklər: sınan pəncərə, sınan avadanlıq və s.

Ümidvaram, Xətai rayon polisinin professional hərəkətləri nəticəsində oğrular yaxın zamanda yaxalanacaq və oğurlanan vəsait sahibinə qaytarılacaq...”


Müəllif: Könül