1 Avqust 2017 11:44
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində 6 yaşlı ögey qızını öldürməkdə təqsirli bilinən Ağsu rayon sakini, 1982-ci il təvəllüdlü Elnar Hacıyevin məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Elnar Hacıyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Daha sonra hakimlər hökmü açıqlayıb.

Elnar Hacıyev dövlət ittihamçısının çıxışına qışqıraraq reaksiya verib. O, "açın qapını, mən çıxıb gedirəm, 12 il türmədə qalmaq istəmirəm" deyib.

Hökmə əsasən 12 il cəza kəsilib.

İttihama görə, ötən il iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102” Mərkəzinə zəng edərək şəhər ərazisində 6 yaşlı qızı Ramilənin naməlum avtomobillə vurulması barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə yox, zorakılıq nəticəsində öldürüldüyü müəyyən edilib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan sakini Elnar Hacıyev tutulub.

Məlum olub ki, Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.

İstintaq müəyyən edib ki, 28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. O, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməyi tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. Ayağını yuduqdan sonra Elnar Hacıyev ləyəni ögey qızı Ramilə Abdulxaliqovaya aparmağı tapşırıb. 6 yaşlı qızın ləyənə gücü çatmayıb, suyu döşəməyə töküb.

Əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq-təpik vurub, bununla kifayətlənməyib, Ramilənin qulağından qaldırıb evin divarına çırpıb. 6 yaşlı qız keçinib.

Elnar Hacıyev eyni zamanda qonşu Tural Hüseynli ilə də dava edib. İyunun 25-də dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.

Bildirilir ki, Samirə Yarıyeva qızının qeyri-rəsmi yaşadığı Elnar Hacıyev tərəfindən öldürüldüyünü bilsə də, hüquq-mühafizə orqanlarına onu avtomobilin vurduğu barədə yalan məlumat verib. Buna görə Samirə Yarıyeva da həbs edilib.

Samirə Yarıyevaya qarşı Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. Samirə Yarıyeva həbsdədir, onun barəsində olan cinayət işi ayrıca icraatda araşdırılır.

Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər