22 İyul 2014 22:49
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bahəddin Həziyev: "Sosial medianı ənənəvi mediaya qarşı qoymaq lazım deyil"

"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev mətbuatın hazırkı durumu ilə bağlı "Gündəlik Teleqraf"ın suallarını cavablandırıb. O, Milli Mətbuat Gününün "Əkinçi" qəzeti ilə başlanmasına etiraz edib və bunun səbəblərinə aydınlıq gətirib.

- Bahəddin bəy, 139 yaşlı milli mətbuatımız var. Medianın hazırkı durumu Sizi qane edir?
- Yox. Mətbuatda çatışmazlıq çoxdur. Təkmilləşmənin sonu yoxdur. Hansı nəticə olsa da, insan mütləq ondan daha yaxşısını arzulayır.

- Söhbət texnoloji təkmilləşmədən gedir, yoxsa peşəkarlıq baxımından nəzərdə tutursunuz?
- Həm texnoloji təkmilləşməni, həm də jurnalistlərin peşəkarlığını nəzərdə tuturam.

- Bu gün baş redaktorların və oxucuların əksəriyyəti qeyri-peşəkarların mətbuatda olmasını irad tuturlar...
- Hər kəsin səhv eləmək imkanı da olmalıdır.

- Savadlı jurnalist kadrların təkmilləşməsi üçün seminarlar kifayət edirmi, yoxsa jurnalistika ixtisasında təhsil almalıdırlar?
- İşləmək lazımdır. Təkcə oxumaqla mümkün deyil, iş prosesində daha çox təcrübə əldə etmək olar.

- "Bizim Yol" sırf praktiki baxımdan örnək ola bilərmi?
- Biz onu deyə bilmərik, çünki prosesin içindəyik. Kənardan baxıb qiymət vermək olar.

- Milli Mətbuat günündə redaksiya heyətinizi necə təbrik etdiniz?
- İş yoldaşlarımı dəvət edib toplantı keçirdik. Onlara dedim ki, əslində, mən mətbuatın tarixinin "Əkinçi"dən başlandığını qəbul etmirəm. Ümumiyyətlə, hər hansı qəzetə istinad olunmasının tərəfdarı deyiləm.

- Niyə "Əkinçi" qəzeti ilə başlamasını qəbul etmirsiniz?
- Bu, bir az da sarkastik yanaşmadır. Mən dedim ki, ən qədim insan ova başlayanda qəbilədən birini göndərdilər ki, get, gör mamont haradadır? O vaxt mamont ovlayıb yeyirdilər. Həmin adam da gəldi dedi ki, mamont o dağdadır. Bax həmin gündən jurnalistika başladı.

- Yəni informasiyanın ötürülməsi baxımından bu cür düşünürsünüz?
- Bəli. Jurnalistika odur, informasiya toplamaq və ötürməkdir.

- Söhbət Milli Mətbuatın yaranmasından gedir...
- Mətbuat mətbuatdır da, nə fərqi var, milli olsun ya qeyri-milli.

- Biz 22 iyulu məhz "Əkinçi"yə görə qeyd edirik. Dediyinizdən belə çıxır ki, "Əkinçi" və Zərdabinin xidmətlərinin bir o qədər yüksək dəyərləndirmirsiniz...
- Bizdə də qədim insan məskənləri var, bizdə də informasiyanın ötürülməsi qədimdən başlayıb. Təbii ki, bunların hamısını zarafatla deyirəm. Amma bu, çox ciddi zarafatdır, çünki bunların içərisində həqiqət payı çoxdur. Peşəkar mətbuatın yaranmasının tarixi var, məsələn, televiziyalar hansısa TV kanalından başlayır.

- Həsən bəy Zərdabinin mətbuatdakı xidmətlərini necə qiymətləndirirsiniz?
- Onun Azərbaycan mətbuatında çox böyük xidmətləri var.

- Azərbaycanda media sahəsində müxalif mövqedə dayanmaq çətindir?
- Ümumiyyətlə, hər kəsin mövqeyi olmalıdır. Hər bir insan məsələlərə münasibət bildirməlidir. Mövqesiz adam nəyə lazımdır?

- Düşünürsünüz ki, qəzet ya müxalifət, ya da iqtidar yönlü olmalıdır? Mərkəzçi mövqeni qəbul etmirsiniz?
- Söhbət iqtidar, müxalifətdən getmir. Qəzetdirsə, o, mütləq hər şeyə tənqidi yanaşır. Jurnalistlərin peşə xəstəliyi budur ki, onlar hər şeyə şübhə ilə yanaşır və yanaşmalıdır da. Hər bir məsələdə el arasında deyildiyi kimi bir qulp qoymağa yer axtarmalıdır. Mən mediada iqtidar-müxalifət bölgüsünü qəbul etmirəm. Media orqanı, eləcə də, hər bir jurnalist ətrafda olan hadisələrə biganə qalmamalıdır, reaksiya verməlidir.

- "Bizim Yol" qəzeti hazırda neçə nəfər heyətlə fəaliyyət göstərir?
- Heyətimizin sayı azdır. Bütün texniki və yaradıcı heyətlə bərabər 20 nəfərdən bir az çoxdur.

- Qəzetin yayımında hansısa problemlərlə üzləşirsiniz?
- Bəli. Yayım sistemində hamıya məlum problemlər oldu. Amma gələcəyinə necə olacağını bilmirəm. Bu, qəzetlərin hamısına aiddir. Çap olunan qəzetləri geniş şəkildə yaya bilmirik. Qəzetlərin daha çox hissəsi Bakıda yayılır, bölgələrə çox az sayda paylanır.

- Belə fikirlər səslənir ki, onlayn medianın yaranması və sosial şəbəkənin aktivləşməsi qəzetləri bir növ arxa plana saldı. Doğrudanmı, oxucuların qəzetlərə marağı azalıb?
- Media sahəsi üç hissədən ibarətdir: yaradıcılıq, istehsalat və kommersiya. Kommersiya hissəsinə baxdıqda, müştəri haqlıdır. Əgər o, informasiya daha tez əldə etmək istəyirsə, deməli, daha tez vermək lazımdır. Çünki, o, müştəridir, onun tələbi əsasdır. Sosial medianı ənənəvi mediaya qarşı qoymaq lazım deyil. Hərəsinin öz üstün, mənfi və müsbət cəhətləri var.

- Qəzetlərin satış səviyyəsindən razısınız?
- İndiki şərtlərə nəticə ilə razı ola bilmərik. Ümumiyyətlə, heç vaxt heç bir nəticə ilə razı olmaq lazım deyil. Onda adam inkişaf eləməz. Mənim fikrimcə, az imkanlarla ölkədə ən yaxşı qəzetlərindən birini nəşr edirik. İndi internet resursumuzun da müəyyən qədər oxucuları var. Media cameəsində hər halda yerimiz görünür. Amma heç bir mətbuat orqanı, redaktor əldə etdiyi nəticələrlə qane olmamalıdır. Əgər qane olsa, həmin gün onun üçün iş bitər.

- Qarşıdakı dövrdə yeni layihələr həyata keçirəcəksiniz?
- Bəli. Bir şeyi etməzdən əvvəl də, sonra da onu açıqlamaq yaxud bununla bağlı reklam eləmək xasiyyətimiz yoxdur. Nə ediriksə, onsuz da ortaya çıxacaq da. Media işi elə bir şeydir ki, hamının gözü qabağındadır. Nə edə biləcəyiksə, yaxşı da olsa, pis də olsa, ortada olacaq. İndidən açıqlamağı doğru saymıram. Böyüklərimiz demişkən, əvvəldən demək bizə düşmür. Reallaşanda hamı görəcək.

NƏRGİZ


Müəllif: