Bu dava konkret olaraq mənim üstümdə düşən dava deyil. İçki məclisi idi, aləm qarışmışdı bir-birinə. Mənsə işimi görürdüm. Bu mən oxuduğum vaxt baş verən hadisədir. Sırf mənə görə dava düşmədi, mən bir də gördüm ki, dava başlayıb.
Bu sözləri dünən restoranda dava saldığı iddia olunan müğənni İzzət Bağırov Teleqraf.com-a açıqlaması zamanı deyib. O bildirib ki, yazılanlar yanlışdır, lakin vəkili ona hələ doğrunu açıq-aşkar elan etməməyi tapşırıb:
“Hazırda polis işçiləri bu işlə məşğuldur. Vəkilim məsələ ilə ciddi məşğuldur və mənə tapşırıb ki, ətraflı müsahibə vermə. Adımdan harda nə yazırlarsa, yalandır. Vəkilim işini tamamlayan kimi özüm açıqlama verəcəyəm. Hərə bir şey yazır, operatorun məni çəkmədiyinə görə davanı mənim başladığım deyilir. Kim hardan nə eşidir, götürüb yazır. Amma elə deyil. Yazılanlar hamısı yalandır. Dava olub. Amma operatorun məni çəkməməsi ilə bağlı deyil. Bir daha deyirəm, yazılanlar hamsı yanlışdır, vəkilimlə danışdıqdan sonra özüm əlaqə saxlayıb açıqlama verəcəyəm”.
Qeyd edək ki, gecə Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisənin kütləvi dava ilə nəticələnməsi ilə bağlı xəbər yayılıb.
Hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib.
Xəbərə görə, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ.Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.
N.Aslanlı və qohumları ilə İ.Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N.Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun 16 yaşlı oğlu Vüsal Aslanlı da xəsarət alıb.
Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N.Aslanlının vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.