31 Avqust 2017 11:47
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər İntiqam oğlunun iştirakı ilə Livanın Beyrut şəhərində avqustun 25-də səhər 5:30 radələrində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumat yayıb.

Azərbaycan Livandakı səfirliyindən nazirliyə daxil olan məlumata görə, hadisə nəticəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində Əliyev Xəzəri avtomobil vurub.

Əliyev Xəzər hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq həmin gün təqribən saat 11:00 radələrində vəfat edib. Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.

Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gəlib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyətini müəyyən edilib.

Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib.

Livanda olduğu müddətdə Əliyev Xəzər səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir.

Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb.

Azərbaycanın Livandakı səfirliyi Beyrut polisi, xəstəxana və hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır.

XİN-nin Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır.


Müəllif: Səxavət

Oxşar xəbərlər