6 Sentyabr 2017 10:04
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən şəxs polis idarəsində intihara cəhd edib.

Report-un xəbərinə görə, hadisə Nərimanov Rayon Polis İdarəsinin (NRPİ) müvəqqəti saxlama məntəqəsində qeydə alınıb.

Belə ki, 1 saylı istintaq təcridxanasında Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum edilmiş Sumqayıt sakini, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu ifadəsi alınması üçün Nərimanov RPİ-yə gətirilib. O, əli bağlı şəkildə idarənin müvəqqəti saxlama məntəqəsində qolunu kəsici alətlə kəsərək intihara cəhd göstərib.

Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən isti izlərlə və yüksək peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər