Yay ayları həmişə toyların bolluğu ilə fərqlənir. Bəzi işbaz restoran sahibləri isə bundan istifadə edərək, bir necə günün yeməyini təzə kimi yemək kimi insanlara sırıyır. Müddəti 4, 5 saat olan salatların təkrar servis edilməsi isə insanların zəhərlənməsinin əsas səbəbidir. Bununla əlaqədar bir neçə restoranla əlaqə saxlayıb onların salatları hansı müddətdə istifadə etdiklərini sorüşduq.
“Gold Baku” şadlıq sarayından İlqar Xəlilov Teleqraf.com-a bildirdi ki, toylara verilən salat və qidalar gündəlikdir: “Toy bitəndən sonra bütün istifadə olunmamış salat və qidalar atılır. İndiyə kimi bizdə heç kəs zəhərlənməyib”.
“Karvan şadlıq sarayından Amil Musayev bildirdi ki, qidalar elə həmin gün üçün nəzərdə tutulur. “ Yeməklər, salatlar yeyilib, artıq qalarsa, onlar hamısı zibil qabına atılır. Yenidən istifadə edilmir. Biz sarayı arendaya vermirik. Qidadan zəhərlənmələr arendaya verilən yerlərdə baş verir. Biz ancaq menyu toyu edirik”.
“Xəmsə” şadlıq sarayının inzibatçısı Telman adlı şəxs isə bildirdi ki, salatlar saat 3-də hazırlanır və toy bitənə kimi saxlanılır. “Toy bitdikdən sonra isə istifadəyə yararsız kimi atırıq”.
“Sevinc” şadlıq sarayının adminsatoru kimi təqdim edən şəxs isə bildirdi ki, qidalar saat 6-da saraya daxil olur və toy bitdikdən sonra onun növbəti günlər və ya toylarda istifadə edilməsindən söhbət gedə bilməz”.
Göründüyü kimi heç kim öz ayranına turş demək istəmir. Amma fakt faktlığında qalır ki, restoranlarda zəhərlənmə halları baş verir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.
O bildirdi ki, zəhərlənən insan Azad İstehlakçılar Birliyinə gəlib, çıxmır: “Xəstə birinci ya Səhiyyə Nazirliyinə müraciət edir, ya da ki, ölür. Səhiyyə Nazirliyinin işçiləri də çatan kimi həmin xəstənin mədəsini yuyub, faktı itirirlər. Həmişə deyirlər ki, istehlakçı özü hazrladığı məhsuldan zəhərlənib. Bunun da səbəbi odur ki, nazirlik hər şeyə gigiyenik sertifkat verib. Əgər hansı məhsuldan zəhərlənmənin olduğunu desə, həmin adam sertifikatı təqdim edəcək ki, mənə sertifikatı sən vermisən”.
Eyyub Hüseynov əlavə edib ki, bu ilin fevral ayında ölkə prezidenti Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə fərman imzalayıb: “Gözləyirik ki, bundan sonra vəziyyət dəyişər”.
Qeyd edək ki, sentyabrın 7-də axşam saatlarında Tovuz rayonundakı "Turan" şadlıq sarayında keçirilən toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində 39 nəfər xəstəxanaya müraciət edib. İlkin ehtimala görə, zəhərlənmə salatlardan baş verib.