24 İyul 2014 14:56
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səlahiyyət müddətinin başa çatması ilə bağlı mərasim keçirilib.

Səfirin Badamdar qəsəbəsində yerləşən iqamətgahında baş tutan mərasimə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının az sayda nümayəndələri də qatılıb.

Tədbir bir sıra maraqlı və təəccüblü məqamlarla yadda qalıb.

Belə ki, diplomatik korpus adından ABŞ səfirinə verilməsi nəzərdə tutulan xatirə hədiyyəsinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən təqdim edilməsi gözlənilməz olub.

Diplomatlar hədiyyənin ABŞ səfirinə iki ölkə arasındakı hazırkı gərgin dövrdə məhz rusiyalı həmkarı tərəfindən təqdim etməsinə təəccüblərini gizlədə bilməyiblər.

Tədbirdə iştirak edən bəzi səfirlər bunu Rusiya tərəfindən diplomatik jest kimi dəyərləndiriblər.

ABŞ səfirinin sonrakı addımı isə daha gözlənilməz olub. Belə ki, Riçard Morninqstar rusiyalı həmkarından aldığı hədiyyəni özü ilə aparmayacağını bəyan etməklə Vladimir Doroxini nümayişkaranə şəkildə pərt edib. ABŞ səfiri bəyan edib ki, o, bu hədiyyəni Azərbaycanda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaq evlərindən birinə təqdim edəcək.

Diplomatlar və ekspertlər Rusiya və ABŞ səfirləri arasındakı hədiyyə “oyununu” ölkələr arasında bir-birinə verilən siyasi ismarış kimi dəyərləndiriblər.

Aznews.az


Müəllif: