25 İyul 2014 17:30
2 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tapdıq Abbas: “Sülhəddin Əkbəri özləri üçün böyük problem görürdülər”

Keçmiş müsavatçı Tapdıq Abbas Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasının Ali Məclisinin sədri seçilib. 2010-cu ildə Müsavat sıralarını tərk edən T.Abbas heç bir partiyada təmsil olunmayacağını desə də, 4 il sonra o, S.Əkbərin yeni partiyasında təmsil olunmaq qərarını verib.
T.Abbas S.Əkbəri Azərbaycan Xalq Hərəkatından tanıdığını söylədi:

“Siyasətdə 25 ilə yaxındır ki, bir yerdəyik. Xeyli müddətdə Müsavat partiyasında bərabər olmuşuq. 2006-2010-cu ildə Müsavat partiyasında fraksiyaçılıq yarandı. Faktiki olaraq partiyada iki qanad əmələ gəldi. Bunların hər ikisi İsa Qəmbərin başqanlığını qəbul etsələr də, partiya siyasətinin yürüdülməsində müxtəlif fikir ayrılıqlar var idi. 2010-cu ildə adi bir hərəkətə görə partiya mənə qarşı çox böyük ədalətsizlik etdi. Bəhanə ilə məni partiyadan çıxarmaq istədilər. Bu fraksiyalar arasında mübarizə gedirdi, qarşı tərəf mübarizədə şərə və böhtana əl atdılar. Bizim fraksiyaya Sülhəddin Əkbər, o birisinə isə Arif Hacılı başçılıq edirdi. İsa Qəmbər də önəmi adətən A.Hacılıya verirdi. Biz müxalifətin gücünü birləşdirmək və təkmilləşdirmək istəyirdik. AXCP ilə Müsavatın birləşməsi ilə bağlı təkliflərimiz vardı. Ki, bu partiyalar birləşsin İsa Qəmbər prezidentliyə namizəd, Əli Kərimli isə partiyanın başqanı olsun. Arif Hacılının tərəfdarları isə tamamilə başqa fikirdə idilər”.

Müsavatdan ayrılmasını xatırlayan T.Abbas qeyd etdi ki, onun partiyadan xaric olunması ilə bağlı məsələ 2010-cu ilin 4 sentyabr tarixli Məclisdə müzakirə olunub: “Mən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, qəzet redaktoru kimi Heydər Əliyevin məzarını ziyarət etmişdim. Bunu mənə qəbahət saydılar. İzah etdim ki, Müsavatın nə nizamnaməsində, nə məramnaməsində, nə də adi məlumatında belə bir göstəriş var. Burada mənəvi məsələ var. Hesab edirdim ki, Heydər Əliyev dövlət xadimidir, müsavatçı olsam da, Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi Milli Mətbuat Günündə belə bir dövlət xadiminin, həm Həsən bəy Zərdabinin, həm də Əbülfəz Elçibəyin məzarını ziyarət etməyim mənim üçün ayıb deyil.

Burada qeyri-adi heç bir şey yox idi, bu şəxslər Azərbaycan xalqının liderləridir. Arif Hacılının dəstəsinə bəhanə lazım idi ki, bizim fraksiyada kimisə ləkələsinlər. Bundan bəhanə kimi istifadə etdilər. Divanda müzakirəyə çıxarıb xəbərdarlıq verdilər. Qəfildən Arif Hacılının başçılığı ilə Bakı rayon təşkilatlarından kimsə mənə böhtan atdı ki, guya kimisə təhqir etmişəm. Onların əsas məqsədi o idi ki, Sülhəddin Əkbərin partiyada olan güclü qanadını sıradan çıxarsınlar və Sülhəddin bəyin başqanlıq seçimlərinə getməsinə imkan verməsinlər. Sülhəddin Əkbər faktiki olaraq partiyanın ikinci adamı idi, Məclisin sədri idi. Arif Hacılının tərəfdarları gələcəkdə başqanlıq yarışında Sülhəddin Əkbəri özləri üçün böyük problem görürdülər. Ona görə də bizim fraksiyanın hər bir üzvünə qarşı şantaj mövqeyi tutmuşdular. Məclisdə mənim partiyadan çıxarmaq məsələmi qoydular, Məclis onu qəbul eləmədi. Lakin bir şeyə nail oldular ki, mən partiyadan deputatlığa namizəd olmadım. Partiyanın razılığı yox idisə, mən seçkilərə qatıla bilməzdim. Qərarla çıxmamaq üçün özüm ərizə verdim, parlament seçkilərində iştirak etdim. Ərizəmdə yazmışdım ki, seçkilərdən sonra istədiyim vaxt partiyaya qayıdacağam. Amma əhval-ruhiyyə elə idi ki, sonra partiyaya qayıtmağın mənası yox idi. Artıq fraksiyalar arasında mübarizə şərə və böhtana keçdi. Seçkilərə görə partiyadan çıxdım. Məndən sonra İbrahim İbrahimli, Adil Qeybulla məndən 1 ay sonra partiyadan çıxdılar. Biz partiyadan çıxandan sonra dərhal partiya yaratmaq barədə düşündük. Amma alınmadı, bir qədər fasilə götürdük. Daha sonra Sülhəddin Əkbər NATO əməkdaşlıq təşkilatı yaratdı. Biz də bu təşkilatda birləşdik. Amma qəflətən Sülhəddin bəylə Rəsul Quliyev arasında yaranan ittifaq bizim partiya yaratmaq istəyimizi əngəllədi. Açığı, heç birimiz Rəsul Quliyevin partiyasına qoşulmadıq.

Müsavatdan çıxmışıqsa, Müsavat ideologiyasına malik olan yeni bir partiyanın təsis edilməsi barədə düşündük. Sülhəddin bəy Açıq Cəmiyyət Partiyasından ayrılandan sonra bizim 4 il bundan əvvəl yeni partiya yaratmaq ideyası reallaşdı. Ondan sonra bir yerə toplaşıb işə başladıq. Ötən ilin dekabrından Sülhəddin bəylə bu təşkilatı yaratmaq üçün mübarizəyə qoşulduq. İyulun 6-da qurultayımızı keçirdik, partiyanın da əsasını müsavatçılar, Xalq Hərəkatından gələn adamlar təşkil edir. Mənə etimad göstərilib, qurultaydan sonrakı məclisdə məni Ali Məclisin sədri seçildi. Mən də etiraz etmədim”.

T.Abbas vurğuladı ki, hazırda bir çox adamla Azad Demokratlar Partiyasına qoşulmaq barədə danışıq gedir: “Onların adını çəkmək istəmirəm. Yəqin Müsavatın qurultayından sonra müəyyən məsələlərə aydınlıq gətiriləcək və bizim partiyamızın sıralarında yeni simalar görəcəksiniz”.

Nərgiz


Müəllif: