26 İyul 2014 18:19
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəybala Əbil: “Qərargahı boxçaya qoyub, kiminsə evinə getmək lazımdır?”

Ötən gün Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamalın KXCP ünvanına işlətdiyi fikirlərə bu partiyadan cavab gəlib.

Xatırladaq ki, Vidadi Mirkamal KXCP-ni qeyri-səmimilikdə, əsassız bəhanə axtarmaqda ittiham edib, bu partiyanın əsas olmadan Milli Şuradan çıxmaq istəyindən danışıb, eləcə də, KXCP-nin Milli Şuranın sessiyasını öz qərargahında keçirmək təklifinin qeyri-səmimi olduğunu bəyan edib.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil isə Koordinasiya Şurasının ittihamlarını rədd edib: “Vidadi Mirkamal ağsaqqal adamdır, mən də Milli Şuranın tədbirlərinə qatılıram. KXCP bəhanə olaraq heç nəyə etiraz etmir. Mən Milli Şurada hansısa məsələyə dəstək verirəmsə və ya etiraz edirəmsə, bu, mənim hüququmdur. Daha bunu aparıb haralarasa bağlamaq qeyri-ciddilikdir. Mən üzvü olduğum təşkilatda müzakirə edilən məsələyə dəstək də verə bilərəm, bunun əleyhinə də çıxa bilərəm. Bunu nəyəsə bağlamaq doğru deyil”.

Bəybala Əbil əlavə edib ki, KXCP rəhbərliyi daima deyib ki, Milli Şuranın sessiyası partiyanın qərargahında keçirilə bilər. Onun sözlərinə görə, burada əsla bəhanədən söhbət gedə bilməz: “Bu gün də qərargahımızda Milli Şura tədbirini keçirə bilər. Məncə, bütün bunları başqa səmtə yönəltmək ciddi deyil. Əslində, olanı olduğu kimi demək lazımdır. Milli Şuranın son sessiyası bizim qərargahda olub. Bəyəm mənim hansısa məsələyə etiraz eləməyə haqqım yoxdur? Bunu nəyəsə bağlamaq, doğrudan, ciddi şey deyil”.

KXCP sədri Mirmahmud Mirəlioğlunun Koordinasiya Mərkəzinin toplantılarına qatılmadığı haqda iddialara gəlincə, Bəybala Əbil deyib ki, bu, mümkündür: “İndi Ramazan ayıdır, yaydır. Kimsə hansısa tədbirdə ola da, olmaya da bilər. Bunun məsələyə aidiyyəti yoxdur. Biz hər dəfə demişik ki, onlar istədiyi zaman qərargahımızda tədbirlər keçirə bilər. Əgər başqa niyyətimiz olsaydı, bunu açıq deyərdik. Çünki bəhanəyə ehtiyacımız yoxdur. Bizim dilimizdə olan həm də ürəyimizdə olandır. Qərargahı boxçaya qoyub, üstündən qırmızı lent bağlayıb kiminsə evinə getmək lazımdır? Milli Şura burada tədbirini keçirə bilər. Mən deyə bilmərəm ki, onlar niyə sessiyanı burada keçirmirlər. Biz başqa nə etməliyik, mən anlamıram. KXCP rəhbərliyində təmsil olunan şəxs kimi deyirəm ki, kim necə istəyir, o cür də düşünsün. Mən Milli Şuranın üzvüyəm və sessiya harada keçirilsə, gedib orada iştirak edəcəyəm. Kim ürəyində nə düşünürsə, özü bilər”.

Ali Məclis sədri deyib ki, əslində, Vidadi Mirkamalın ittihamlarını ittiham kimi qəbul etmir: “Əgər deyirlərsə ki, sessiya KXCP-də keçirilsə, bu partiya Milli Şuranı tərk edəcək, məncə, səhv edirlər. Biz oranın üzvüyük. Amma nəzərə almaq lazımdır ki, KXCP Milli Şuranın üzvü deyil, biz fərd olaraq bu qurumda təmsil olunuruq. Bizim başqa cür düşünənlərə sözümüz yoxdur. Deyirik ki, qapılarımız açıqdır. Kim nə istəyir deyə bilər. Nə ittihambazlıqdır?!”

Bəybala Əbil vurğulayıb ki, Milli Şurada qeyri-səmimi münasibətlərin olması haqda fikirlərlə razı deyil, çünki burada müxtəlif insanlar təmsil olunur: “Orada bir neçə partiya, QHT, ayrı-ayrı bitərəf insanlar iştirak edir. Bizim də onlarla normal münasibətlərimiz var. Kimlərsə nə düşünürsə, Milli Şuranın daxilində nəyisə qaynatmaq istəyirlərsə, bu, onların haqlarıdır, buyurub qaynatsınlar. Bizim orada olan partiyalarla, QHT təmsilçiləri və ayrı-ayrı şəxslərlə münasibətlərimiz normaldır və belə də olacaq”.

KXCP funksioneri qeyd edib ki, onların son sessiyada Milli Şuraya yeni üzvlərin qəbulu məsələsində fərqli mövqe tutmasını da qeyri-adi formada təqdim etmək doğru deyil: “Əgər kimsə üzvlüyə qəbul olmaq istəyəcəksə, ona dəstək vermək və ya etiraz etmək olar. Biz oranın üzvüyük və həm də bu, bizim haqqımızdır. Bunu başqa ünvanlara bağlamaq düzgün deyil”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər