25 Aprel 2014 11:49
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birmənalı olaraq iştirak edəcəyik"

Bu sözləri qəzetimizə partiyanın baş katibi Arzuxan Əlizadə bildirib. Onun sözlərinə görə, AMİP-in sonuncu Mərkəzi Şurasında bələdiyyə seçkiləri ilə bağlı məsələ xüsusi bəndlə müzakirə olunub:
"Bütövlükdə partiyamızın ölkəni təmsil edən rayon təşkilatlarının sədrlərinə seçkilərə hazırlaşmaqla bağlı xüsusi tapşırıq verilib. Qərara alınıb ki, yaxın zamanda AMİP-in bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Şuranın xüsusi iclası keçiriləcək. Orada Bakı rayonları və eləcə də bölgələrdəki təşkilatlar və fəallara tapşırıq planı təqdim olunacaq. Artıq yerlərdə bələdiyyə üzvü olacaq namizədlərimizin araşdırılması və üzə çıxarılması prosesi gedir".

A. Əlizadənin sözlərinə görə, AMİP ölkədə keçirilən bütün seçkilərdə iştirakın tərəfdarıdır:

"Çünki siyasi partiya fəaliyyət göstərirsə, o, yalnız seçki yolu ilə hakimiyyətə gəlməyi öz qarşısına məqsəd qoyur. AMİP-in nizamnaməsində göstərilir ki, ölkə miqyasında keçiriləcək hər hansı seçkilərdə iştirak etməməklə bağlı qərarı yalnız qurultay verə bilər. Seçki məsələlərinə biz çox ciddi yanaşırıq".

Baş katib AMİP-in ötənilki prezident seçkilərinə qatılmamasının səbəbini xatırladıb:

"Hesab etdik ki, həmin dönəmdə AMİP-i yüksək səviyyədə təmsil edə biləcək namizəd yoxdur. Partiyanın lideri Etibar Məmmədov və AMİP sədri Yusif Bağırzadə seçkilərə qatılmadı. Digər namizədlərimiz prezident seçkilərində iştirakı məqsədəuyğun hesab etmədilər. Bu mənada seçkilərə öz namizədimizlə qatılmadıq. Amma bələdiyyə seçkiləri ilə bağlı AMİP-in kifayət qədər təcrübəsi var. Bölgələrdəki partiya üzvlərimiz də AMİP-i layiqincə təmsil edə bilər. Bələdiyyələrin hamısına namizədimizin irəli sürməsini hədəf götürmüşük. Amma neçə namizədlə qatılacağımızı indidən proqnozlaşdırmaq mümkün deyil. Ölkədə bölünmüş bələdiyyələr üzrə maksimum dərəcədə təmsil olunmağa çalışacağıq".

NƏRGİZ


Müəllif: