Rusiyada yayımlanan “Ekstrasenslərin döyüşü” müsabiqəsinin finalçısı Zirəddin Rzayevin iştirakı ilə növbəti qalmaqal yaşanıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya İctimai Televiziyasında (ORT) aparıcılar Aleksandr Qordon və Yuliya Baranovskaya tərəfindən təqdim edilən “Kişi/Qadın” şousunun çəkilişinə dəvət olunan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev verilişdən yarımçıq çıxarılıb.
Məlumata görə, verilişdə əsas diqqət özlərini ekstrasens kimi qələmə verən şəxslərin fırıldaqlarına, insanlardan pul qoparmalarına yönəldilib.
Yaxın günlərdə ORT-də yayımlanacaq verilişin çəkilişi zamanı aparıcı Qordonla Zirəddin Rzayev arasında qalmaqal yaranıb və nəticədə, ekstrasensi studiyadan qovublar.
Bu barədə danışan Rzayevsə bildirib ki, çəkilişdəki müzakirələr zamanı səslənən fikirlərin ciddi şəkildə “qayçılanacağından” şübhələnir.
Ona görə də çəkilişdə nələrin baş verdiyini hazırlayaraq, YouTube-da yayımlayan ekstrasens videomaterialda tamaşaçıya həqiqətləri izah etməyə çalışıb.
/yenicag/