31 İyul 2014 11:42
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşüncə mərkəzinin perspektivi yoxdur”

İşçilərini Ramazan ayında tətilə yola salan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu onları avqustun 1-dən əvvəlki rejimdə işə çağırıb.

ADP sədri Teleqraf.com-a bildirib ki, əmək qanunvericiliyinə görə hər kəs ildə bir dəfə məzuniyyətə çıxmalıdır.

Ramazan ayı boyunca Quranla bağlı kitabı üzərində çalışdığını deyən S.Cəlaloğlu artıq kitabın 400 səhifəsini yazdığını bildirdi:

“Allah nə qədər güc verdisə hər gün 20-30 səhifə yazmışam. İndi islam təriqətləri ilə bağlı bir balaca hissəsi var. O hissəni qurtarandan sonra avqustda da redaktorluq işini bitirib çap edəcəyəm. Sentyabrda da artıq kitabı ictimaiyyətə təqdim edəcəyəm”.

ADP sədrinin sözlərinə görə, Ramazanda ilk duası özü ilə bağlı olmayıb: “İlk duam o idi ki, kimin nə arzusu varsa Allah onu qəbul etsin. İslamın gözəlliyi ondadır ki, insan yalnız özü üçün dua etməməlidir. Əksinə çalışmalıdır ki, onun əməli bütün insanlara xidmət eləsin. Bu baxımdan oruc tutmayanlara da 30 gün dua etmişəm. Buna islami qardaşlıq deyirlər. Ən axırda özün üçün dua etməlisən”.

S.Cəlaloğlunun rəhbərlik etdiyi partiya bələdiyyə seçkisinə “Qarabağ” bloku çərçivəsində qatılmağı düşünür: “Yəqin ki, Ümid partiyası ilə müzakirə aparıb yekun qərar verəcəyik”.

ADP sədri qeyd etdi ki, hansı partiya “Qarabağ”la əməkdaşlıq etmək istəsə, onlarla birgə seçkidə iştirak edə bilərlər.

Bir müddət öncə Müsavat partiyasına əməkdaşlıq barədə təklif göndərsələr də, qarşı tərəfdən müsbət cavab almamışdılar: “Bələdiyyə seçkilərində əməkdaşlıqla bağlı Müsavat Partiyası rəhbərliyi ilə şifahi söhbət etmişdik. Müsbət cavab olmayıb, onunla da qurtarmışıq. Biz kimisə niyə gözləməliyik və yaxud da kimsə bizi niyə gözləməlidir? Normal dildə dedilər ki, biz istəmirik. Zorla deyə bilmərik ki, gəlin bizimlə əməkdaşlıq edin”.

O, Müsavatın ideyası olan Düşüncə Mərkəzinə də şərh verib. Onun fikrincə, mərkəzin perspektivi yoxdur: “Təcrübə göstərir ki, belə təşəbbüslərin heç birinin axırı olmur. Ancaq ideya kimi səslənir və orada da qalır. Siyasətdə tələbdən doğmayan təklif varsa, o heç bir xeyir edə bilməz. Müsavatın Düşüncə mərkəzi ideyası boşluğu doldurmaq, vəziyyətdən çıxmaq üçün bir variant idi. Müsavat Milli Şuradan çıxandan sonra ona olan qınağın da rolu ola bilər”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər