Yunanıstan polisi bu gün Afinada əməliyyat keçirib. Əməliyyat zamanı biri qadın olmaqla 9 nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Yunanıstan polisinin Afina əməliyyatı Türkiyə Prezidenti Ərdoğanın bu ölkəyə edəcəyi səfər öncəsi baş verdiyindən düşündürücüdür.
Məlumata görə, polis əməliyyatları Afinanın Kalithea və Neos Kosmos səmtində 3 fərqli ünvanda keçirilib. Əməliyyat zamanı 3 mənzildə kompüter və digər avadanlıqlar götürülüb. Polis evlərin birində tərkibi bilinməyən maddə aşkar etdiyini və bu maddəni araşdırmaq üçün laboratoriyaya göndərdiyini qeyd edib.
“Röyter”ə açıqlama verən Yunanıstan polisi isə qeyd edib ki, həbs olunanlar əfqan və kürdlərdir. Əməliyyatın terror təşkilatı DHKP-C ilə əlaqəli olduğu da bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan 7-8 dekabrda Afinaya səfər edəcək. Onu da vurğulayaq ki, Ərdoğan 65 ildən sonra Yunanıstana səfər edəcək ilk Türkiyə prezidenti olacaq.