12:15
Penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində intihar etmiş Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Saray kənd qəbiristanlığında dəfn ediləcək.
Teleqraf.com xəbər verir ki, dəfn mərasimi bu gün saat 15.00-da keçiriləcək.
Hacı Məmmədov qəbri atasının məzarının yanında qazılıb.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.
Hacı Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.
2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.
Zakir Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.
Rəsmi məlumata görə, Hacı Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində dekabrın 3-də özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.
Hacı Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb.
Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulmuşdu.
***
13:58
Hacı Məmmədovun meyiti Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Patoloji Anatomiya Bürosuna gətirilib.
Bu barədə Teleqraf.com-a Hacı Məmmədovun ailəsinin vəkili Afət Qazıyeva bildirib.
Vəkilin sözlərinə görə, Hacı Məmmədovun meyiti hələ ailəsinə təhvil verilməyib: “Bununla bağlı iş aparılır”.
Afət Qazıyeva qeyd edib ki, Hacı Məmmədovun meyiti yaxın vaxtlarda ailəsinə təhvil veriləcək.
***
Patoloji Anatomiya Bürosundan Teleqraf.com-un əməkdaşına bildiriblər ki, meyit yarılaraq müvafiq prosedurdan keçib.
Büro rəsmisi Hacı Məmmədovun ailəsindən meyitin onlara verilməsi ilə bağlı müraciət olunmadığını deyib.