1 Avqust 2014 19:06
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 3-də Türkiyənin Azərbaycandakı diplomatik korpusunda səsvermə keçiriləcək

Avqustun 10-da Türkiyədəki prezident seçkiləri ilə bağlı ölkə xaricində də səsvermə keçiriləcək.

Teleqraf.com Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, dünyanın 4 qitəsini əhatə edən 54 ölkədə səsvermə məntəqələri yaradılıb. İyulun 31-dən xarici ölkələrdə səsverməyə start verilib. Türkiyə Yüksək Seçim Qurulunun (YSK) seçki təqviminə görə, xaricdəki vətəndaşlar təyin olunan gündə, təyin olunmayanlar isə sistemin onlar üçün uyğun bildiyi vaxtda səs verəcəklər. Təyin olunan gündə deyərkən iyulun 9-dək ysk.gov.tr saytında qeydiyyatdan keçmiş, təyin olunmayanlar dedikdə isə sözügedən saytda qeydiyyatdan keçməyən Türkiyə vətəndaşları nəzərdə tutulur.

Qeyd etdiyimiz kimi, artıq Türkiyədəki prezident seçkiləri ilə bağlı xaricdəki bir sıra ölkələrdə səsvermə başlayıb. YSK-nın qərarına uyğun olaraq Almaniya, ABŞ, Belçika, Danimarka, Fransa, Niderland, İsrail, İsveçrə, İtaliya, Şimali Kipr Türk Respublikası, Livan, Norveç, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkmənistanda ilk turu iyulun 31-də başlayan səsvermə avqustun 3-dək, 4 gün ərzində həyata keçiriləcək. Kanada, Avstraliya və Rusiyada iyulun 31-dən start verilən səsvermə prosesi avqustun 2-dək davam edəcək. Bolqarıstan və Qazaxıstanda isə səsvermə 1-3 avqust arasında gerçəkləşdiriləcək. Səsvermə məntəqələri yaradılan digər ölkələr və səsvermə müddətləri aşağıdakı kimidir: Avstriya, Yunanıstan, Əlcəzair, İngiltərə, İsveç, Yaponiya, Qətər, Qırğızıstan, Macarıstan və Makedoniyada 2-3 avqust, Çin Xalq Respublikasında 31 iyul, Birləşmiş Ərəb Əmirliklərində 2 avqust, Albaniya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Çex Respublikası, Finlandiya, Cənubi Afrika Respublikası, Gürcüstan, İran, İrlandiya, İspaniya, Kosova, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna, İordaniya və Yeni Zellandiyada isə 3 avqust.

YSK-nın qərarına görə, xaricdəki seçicilər təyin olunan, yaxud sistemin onlar üçün uyğun bildiyi gündə səs verməsələr avqustun 10-dək gömrük keçid məntəqələrində səs verə biləcəklər. Şimali Kipr Türk Respublikasında yaşayan 90 min civarında olan seçici də 2 məktəbdə yaradılan səsvermə məntəqələrində səs verməyə başlayıblar.

Ümumilikdə, xaricdə səsvermə hüququ olan Türkiyə vətəndaşlarının sayı 2 milyon 734 min 429 nəfərdir. Bunlardan q milyon 400 min nəfəri Almaniyada yaşayır.

Səsvermə ilə bağlı Türkiyənin Azərbaycandakı səfirlik və konsulluqlarında da seçki məntəqələri yaradılıb. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən verilən məlumata görə, səsvermə avqustun 3-də saat 08:00-dan 17:00-dək Bakıdakı səfirlikdə, Gəncə və Naxçıvandakı konsulluqlarda baş tutacaq.

Azərbaycanda yaşayan 15 min Türkiyə vətəndaşından 6305 nəfərin seçkilərdə iştirakı gözlənilir. Bakıdakı səfirlikdə 5611 nəfərin səs verməsi üçün 8 seçki qutusu hazırlanıb. Gəncədə yerləşən konsulluqda 403, Naxçıvandakı konsulluqda isə 291 Türkiyə vətəndaşının səs verməsi gözlənilir. Seçki məntəqələrində səsvermə prosesini beynəlxalq müşahidəçilərin də izləməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyənin 12-ci prezidentinin seçkiləri üçün ilk tur avqustun 10-u, seçkilər ikinci tura keçəcəyi təqdirdə isə avqustun 24-ü müəyyən edilib. Xaricdə olan Türkiyə seçiciləri üçün isə bu tarix müvafiq olaraq 31 iyul-3 avqust və 17-20 avqustdur.

Səxavət


Müəllif:

Oxşar xəbərlər