Dekabrın 28-də Məşhəd şəhərində sosial-iqtisadi problemlərlə bağlı başlayan kütləvi etiraz aksiyaları bütün ölkəni, o cümlədən Azərbaycan şəhərlərini bürüməkdədir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Məşhəd, Qum, Həmədan, İsfahan, Kirmanşah, Rəşt, Əhvaz, Qəzvin, Sari, Xürrəmabad, Bocburd və s. kimi şəhərlərdə keçirilən etiraz aksiyalarına şənbə günü paytaxt Tehran da qoşulub. İnqilab meydanından başlayan aksiya daha sonra Tehran Universiteti və digər məntəqələri əhatə edib.
Etiraz aksiyası Güney Azərbaycanın Urmiya, Zəncan və Əbhər şəhərlərində də baş tutub.Zəncan və Əbhərdə etirazçılar “Axund rədd olmalıdır”, “Millət acından dilənir, Ağa (Xamenei nəzərdə tutulur) allahlıq edir” və s. kimi şüarlar səsləndiriblər.
Urmiyada isə şəhərin mərkəzinə yaxın xiyabanlarda keçirilən etiraz aksiyası təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qalıb. Etirazçılar polis əməkdaşlarının hücumuna məruz qalaraq döyülüb. Müxtəlif şəhərlərdə keçirilən aksiyalarda çox sayda etirazçı saxlanılıb.
Sosial-iqtisadi problemlər, yoxsulluq və ölkədəki ədalətsizliklə əlaqədar keçirilən aksiyalarda çoxlu siyasi şüarlar səsləndirilib. Etirazçılar Həsən Ruhaninin iqtisadi siyasəti və İranın Yaxın Şərq siyasətinə etiraz edib ən çox “Xameneiyə ölüm”, “Diktatora ölüm”, “Axund rədd olmalıdır” və s. kimi şüarlar səsləndiriblər.
Tehranda keçirilən aksiyaların tam siyasi xarakter aldığı bildirilir.