5 Yanvar 2018 10:25
2 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi AMEA ilə birgə Azərbaycan Demokratik Respublikasının 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan Cümhuriyyəti – 100” adlı müsabiqə elan edib.

Müsabiqənin təşkilatçılardan Teleqraf.com-a verilən məlumatda deyilir ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Bununla bağlı Azərbaycan Respublikası Prezidenti 16 may 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Müsabiqəni təşkil etməkdə məqsəd sərəncamdan irəli gələn bir çox layihələri icra etməklə yanaşı, gənclərə Cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.

Müsabiqədə 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilər.

Şərtlərə görə, müsabiqəyə heç yerdə dərc edilməyən məqalələr qəbul edilir.

İşlərin məzmununa dair əsas tələblərdə tarixi faktlar və etibarlı mənbələrdən istifadə, orijinallıq, plagiat elementlərinin olmaması,

elmi yenilik, mövzunun əhatə olunması, fərdi yanaşma, materialın oxucu üçün məlumatlılıq səviyyəsi, dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi kimi kriteriyalar yer alır.

Materiallar Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilə bilər.

Təqdim olunan məqalələr elektron formada 1 mart 2018-ci il tarixədək [email protected] ünvanına göndərilməlidir.

Məqalə ilə birlikdə iştirakçı özü haqqında da məlumat (pasport məlumatları, təmsil etdiyi ali məktəbin və ya elm müəssisəsinin adı, ünvanı, vəzifəsi, fakültənin, kafedranın, şöbənin adı və s; elektron poçt ünvanı, əlaqə telefonları) əlavə etməlidir.

Mükafatların məbləği isə belədir:

I yer – 1000 AZN

II yer – 500 AZN

III yer – 300 AZN

IV yer – 200 AZN

Məqalələr münsiflərə imzasız təqdim ediləcək. Ən yaxşı məqalələrin müəllifləri 2018-ci ilin may ayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati binasında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirdə mükafatlandırılacaq.

Müsabiqəyə göndərilən məqbul məqalələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Elmi araşdırmalar” toplusunda dərc olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər