09:49
Bakıda metroda intihara cəhd hadisəsi baş verib. Saat 09:18 radələrində "Həzi Aslanov"-"Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı əsalı kişi özünü qatarın altına atmağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib.
Onun sözlərinə görə, hadisə metronun "Qara Qarayev" stansiyasında baş verib:
“Maşinistin sayıqlığı nəticəsində intiharın qarşısı alınıb. Yaşlı kişi özünü qatarın altına atmaq istəyəndə qatar onu vurub və o platformaya düşərək ciddi xəsarətlər alıb. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib. İntihara cəhd edən şəxsin kimliyi hələ məlum deyil”.
***
11:44
Metroda intihara cəhd edən kişi xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, kişi xəstəxanaya çatdırılandan qısa müddət sonra keçinib: "Xəstə hər iki ayağının sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya çatdırılmışdı".
***
11:57
Metroda intihara cəhd edən şəxsin kimiliyi məlum olub.
Məlumatlara görə, həmin şəxs 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğludur.
Qeyd edək ki, o, xəstəxanada dünyasını dəyişib.