Bakının Qaradağ rayonunda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib.
Onun tutulması məqsədilə əməliyyat tədbiri keçirilərkən Həsən Məşədiyev polis əməkdaşlarına silahlı müqavimət göstərdiyinə görə zərərsizləşdirilib.
Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Lökbatan qəsəbəsində 1992-ci il təvəllüdlü Osman Abdullayev odlu silahla öldürülüb. Hadisənin qisas məqsədilə törədildiyi bildirilir.
Qətlə yetirilən Osman Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb. O, 2008-ci ildə dostu Tural İbrahimovu öldürüb.
Yunan-roma güləşi üzrə idman ustalığına namizəd Osman Abdullayev bu əməlinə görə 8 il 6 ay həbs cəzası alıb və həbsxanada yatan gənc bir neçə il əvvəl həbsdən azad edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.