Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən binanın girişindəki mağazada yanğın olub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı və 3 azyaşlı tüstüdən zəhərlənib.
Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb. (APA)
***
12:34
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Teleqraf.com FHN-ın saytına istinadla verdiyi xəbərə görə, bu gün Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində tikilmiş emalatxana və içərisində olan əşyalar 10 kvadrat metr sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Daxili İşlər Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğında iki polis əməkdaşının tüstündən zəhərlənməsi ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 3-də səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Sakinlərin təxliyyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.
Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir.
Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Hadisə nəticəsində azyaşlıları xilas edən Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İşmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.