6 Avqust 2014 10:27
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülhəddin Əkbər: “Ədliyyə nazirliyi iki aydan sonra cavab verəcək”

“Azad Demokratlar Partiyasının (AzDP) İdarə Heyətinin toplantısı keçirilib. Amma xüsusi qərarlarımız olmayıb. Əslində, hazırda üzvlərimizə istirahət vermişik. Sentyabrın 15-nə qədər hər kəs istirahətdədir”.

Bunu partiyanın sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, hələlik partiyanın qeydiyyatı ilə bağlı Ədliyyə nazirliyinə etdikləri müraciətə cavab verilməyib: “Ədliyyə nazirliyindən dedilər ki, sənədlərin yoxlanılması təxminən iki aya qədər çəkəcək. Odur ki, vaxtı gözləyirik”.

Sülhəddin Əkbər əlavə edib ki, sədri olduğu partiya bələdiyyə seçkilərində iştirakı nəzərdə tutur: “Düzdür, hələlik son qərarımız yoxdur. Sentyabrın sonunda Məclisin toplantısı keçiriləcək və bu haqda müzakirə aparıb qərar verəcəyik. Amma şəxsi fikrimə görə, biz bələdiyyə seçkilərində iştirak etməliyik. Əlbəttə, bu yeni yaradılan partiyadır, obyektiv səbəblərdən geniş şəkildə seçkilərə qatılmaq gözlənilmir. Amma prosesə qatılmağın tərəfdarıyam. Çünki yeni yaradılan partiyanın, onun üzvlərinin yerlərdə tanıdılmasına, seçki təcrübəsi toplamasına ehtiyac var. Həmçinin təşkilatlanma işimiz başa çatmayıb. Bələdiyyə seçkiləri isə təşkilatlanma baxımından yaxşı fürsətdir. Amma bu istiqamətdə digər partiyalarla hər hansı bir müzakirəmiz olmayıb. Odur ki, seçkiyə təkbaşına və ya digər təşkilatlarla birgə gedəcəyimizi dəqiq demək mümkün deyil”.

Partiya sədri söyləyib ki, parlament seçkilərinə bir ildən artıq zaman qalsa da, onlar ciddi şəkildə bu seçkiyə qatılmaq niyyətindədir: “Çox güman ki, 2015-ci ilin yazından bu seçkilərə hazırlıq startı verəcəyik. Hələlik kimin hansı dairədən namizəd olacağını demək çətindir. Amma bu barədə ilkin fikir mübadiləsi olub, kimin haradan namizədliyini irəli sürəcəyini müəyyən etməsi tövsiyə edilib”.

Cəbhədə son vəziyyətlə bağlı Azad Demokratlar Partiyasının mövqeyini açıqlayan Sülhəddin Əkbər deyib ki, yaranan vəziyyət gözləniləndir: “Bu, regionda yaranan geosiyasi vəziyyətin inkişafının nəticəsidir. İndi geopolitik hədəfin Qafqaz olacağını demək üçün xüsusi araşdırma aparmağa ehtiyac yoxdur. Postsovet məkanında geosiyasi vəziyyət mürəkkəbləşdikcə, geopolitik qırılmalar olan yerdə kəskinləşmələrin olacağı gözləniləndir. Qarşıdakı müddətdə də gərginlik ola bilər. Azərbaycan buna millət, dövlət və cəmiyyət olaraq hazır olmalıdır. İkinci dünya müharibəsi bitdikdən sonra liberal dünyanın sərhədinin genişlənməsi prosesi gedir. Rusiya isə buna mümkün qədər müqavimət göstərir”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər