14:27
Bu gün saat 14 radələrində Bayıl yamacında sürüşmə baş verib.
Teleqraf.com Lent.az-a istinadla xəbər verir ki, yamacın təhlükəli ərazi elan edilmiş hissəsində - yuxarı tərəfdə torpaq uçqunu baş verib. Nəticədə bir neçə ev dağılıb, işıq dirəkləri aşıb. Ətrafda yaşayan insanlar təşviş içində təhlükəli zonadan uzaqlaşıb.
Qeyd edək ki, dünən axşamdan etibarən yağan qar sürüşmə riskini daha da artırıb.
Əlavə məlumat veriləcək.
***
14:36
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Teleqraf.com-a açıqlamasında bildirib ki, hazırda sürüşmə baş verən əraziyə gedir:
“Sürüşmə baş verib, hadisə yerinə gedirik. Əraziyə baş çəkdikdən sonra ətraflı məlumat verəcəyik”.
***
15:17
Əziz Qaralov bildirib ki, hazırda Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir: “Sürüşmə prosesi davam edir. İnsanlar əraziyə buraxılmır. Aidiyyəti qurumlar ərazidədir”.
Əziz Qaralov yamacdakı vəziyyətin təhlükəli olduğunu vurğulayıb: “Sürüşmədə proses gedir. Çatlar artıb, yaxınlaşmaq olmur... Təxminən 1 aya yaxındır bura sürüşmə ərazisi kimi qeydə alınıb. Əslində belə vəziyyəti gözləyirdik. Yağış yağanda sürüşmə aktivləşdi. Bəzi evlər yararsız vəziyyətə düşüb”.
***
16:05
“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: “Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildikdən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.
***
Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.
"Report" xəbər verir ki, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb. Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.
İcra başçısı sürüşmə zonasının sakinlərinə bir illik kirayə haqqı veriləcəyini deyib.
O bildirib ki, kirayə haqqı fevralın 13-dək ödəniləcək: "Hazırda məsələyə rəsmi səviyyədə baxılır".
İcra başçısı sakinlərin evlərində qalan əşyaları məktəb binasına yığmağı tapşırıb: "Öncə ərazidə təhlükəsizlik tədbirləri görülməlidir".
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, sürüşmə nəticəsində 3 ev tamamilə uçub:
"Artıq bir neçə saatdır ərazidəyik. Aydiyyəti qurumlar da burada təhlükəsizlik üçün lazımı tədbirləri görürlər. 3 ev tamamilə uçub. Hazırda sürüşmə prosesi davam etdiyinə görə tam yaxınlığa getmək mümkün deyil. Olduqca təhlükəlidir. Torpaq təmiz aralanıb. İnsan ora düşsə, xilas ola bilməz.
Hazırda 10-15 metrə qədər çatlar əmələ gəlib. Hər an təhlükə gözlənilir deyə biz dəqiq ölçülər götürə bilmirik. Polislər əhalinin evlərə yaxınlaşmasına icazə vermirlər. Dekabr ayından 106 ailə buradan köçürülmüşdü. O vaxtdan əraziyə gələn işıq və qaz xətləri kəsilib. Sakinlər arada gəlib evlərinə baxıb gedirdilər.
Artıq ərzidə polis postları qurulub. Heç kimi yaxınlığa buraxmırlar. Heç bir xəsarət alan olmayıb".