11 Fevral 2018 22:58
4 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:29

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com Röyter agentliyinə istinadən xəbər verir ki, təyyarə Moskvada Domodedovo aeroportundan havaya qalxan An-148 sərnişin təyyarəsi 2 dəqiqə sonra radarlardan itib.

Bundan sonra təyyarənin qəzaya uğradığı məlum olub.

Təyyarənin göyərtəsində 71 sərnişin olub.

***

Təyyarə "Saratov aviakompaniya"sına məxsus olub. İnterfaksın veridiyi xəbərə görə, Omska uçan təyyarənin göyərtəsində olan 71 nəfərdən 65-i sərnişin, 6-sı ekipaj üzvü olub.

***

16:39

Hadisənin Moskvaətrafı Ramensk rayonunda baş verdiyi bildirilir. Xilasedicilər hadisə yerinə yollanıb.

***

17:07

Fövqəladə hallar xidmətindən qəzanın baş verməsinə, ilkin ehtimal olaraq, hava şəraiti, yaxud ekipajın səhvinin səbəb ola biləcəyi bildirilib.

***

17:23

Rusiya Fövqəladə Hallar Nazirliyi An-148 sərnişin təyyarəsinin Ramensk rayonu yaxınlığında qəzaya uğraması haqda xəbəri təsdiq edib:

“Bu gün Moskva vilayətinin Ramensk rayonu yaxınlığında yerləşən Stepanovs yaşayış məntəqəsi yaxınlığında Domodedovo-Orsk istiqamətində 703 saylı reysi həyata keçirən An-148 təyyarəsi qəzaya uğrayıb. Hadisə yerinə dərhal Rusiya FHN-in xilasedici qrupları, təcili-tibbi yardım və digər ekstern reaksiya xidmətləri cəlb edilib”, - Rusiya FHN-nin saytında dərc olunan materialda deyilir.

Məlumatda o da qeyd edilib ki, hadisə yerinə 150-dən çox insan və 20 texnika gətirilib.

***

17:47

Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

***

"An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə "Rusiya poçtu"na məxsus vertolyotun qalıqları aşkar edilib.

Təyyarənin havaya qalxarkən vertolyotla toqquşduğu güman edilir. Lakin bu versiya, öz rəsmi təsdiqini tapmayıb.

Hadisə şahidləri isә təyyarənin səmada yandığını bildiriblər.

***

18:48

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hava limanına 5 briqada göndərilib.

Briqadanın tərkibində olan psixoloqlar qəzaya uğrayan təyyarənin sərnişinlərinin yaxınları ilə işləyirlər. Qəza ilə bağlı "iki və ya daha çox şəxsin ölümünə səbəb olan hava nəqliyyatı qaydalarının pozulması" maddəsi üzrə cinayət işi açılıb.

Rusiya Prezidenti Vladimir Putin qəzada həlak olanların ailələrinə başsağlığı verdi.Putin həmçinin qəzanın araşdırılması ilə bağlı tapşırıq verib.

***

19:17

Moskva ətrafında "An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə ikinci hava gəmisinin də qalıqları aşkar edildiyinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, "Lenta.ru" saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən təyyarənin helikopterlə toqquşduğuna dair məlumat yayıb.

FHN-nin məlumatında bildirilir ki, hadisə yerində helikopterin qalıqları tapılmayıb.

***

19:44

Moskva vilayətinin Ramenski rayonunda qəzaya uğramış "An-148" təyarəsinin sərnişinlərinin tam siyahısı dərc olunub.

Onların arasında 1 azərbaycanlının da adı var.

Namiq Qəhrəmanov adlı şəxsin hansı ölkənin vətəndaşı olduğu bildirilməsə də, onun azərbaycanlı olduğu ehtimal edilir.

***

19:51

Rusiyada qəzaya uğramış "An-148" sərnişin təyyarəsinin "qara qutu"su tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

***

20:08

Moskva ətrafında qəzaya uğramış "An-148" sərnişin təyyarəsində olanların hamısı həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva Prokurorluğu məlumat yayıb.

"Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub, hamısı ölüb", - deyə məlumatda qeyd olunur.

***

20:36

Moskva vilayətinin Ramenski rayonunda "An-148" təyarəsinin qəzaya uğraması nəticəsində ölən azərbaycanlı ilə bağlı yeni məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, 5 may 1971-ci il təvəllüdlü Namiq Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub. O, Azərbaycan Respublikasının vətəndaşıdır.

N. Qəhrəmanov Orsk şəhərində biznes fəaliyyəti ilə məşğul olub.

***

21:49

Pilotun dispetçerlə danışığı açıqlandı

Teleqraf.com xəbər verir ki, Rusiyada qəzaya uğrayan AN-148 tipli sərnişin təyyarəsinin pilotunun partlayışdan öncə dispetçerə nasazlıq barədə məlumat veridiyi bildirilir.

Təyyarə Jukovski aerodromunda qəza enişi etməyi planlaşdırırmış.

Qeyd edək ki, AN-148 tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 65 sərnişin və 6 heyət üzvü ölüb.

***

Rusiyada Moskva yaxınlığında "An-148" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə 1 milyon rubl məbləğində (təqribən 17 190 dollar) təzminat ödənəcək.

Teleqraf.com xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyev jurnalistlərə açıqlamasında bildirib.


Müəllif: Ruslan Xəlil, Alpər Cəbrayıl

Oxşar xəbərlər