Aparılan müayinələr nəticəsində İsa Qəmbərin səhhətində ciddi problem olmadığı müəyyən edilib. Yarım saat bundan əvvəl əlaqə saxlamışam. Hazırda İsa Qəmbərin səhhəti ilə bağlı narahatlıq yoxdur.
Bu sözləri Teleqraf.com-a Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
Qeyd edək ki, İsa Qəmbərin beyninə qan sızması və hemorragik insult keçirməsi haqda informasiyanı virtualaz.org saytı yayıb.
Gülağa Aslanlı isə deyib ki, İsa Qəmbərin insult keçirməsi haqda xəbərlər əsassızdır:
“Yarım saat əvvəl Arif Hacılı ilə əlaqə saxladım. İsa Qəmbərin yanında idi. Dedi ki, İsa Qəmbərin səhhətində ciddi problem olmadığı aşkar edilib. Sadəcə olaraq, soyuqdəymə problemləri var. Hazırda soyuqdəyməyə qarşı müalicə alır. Əslində İsa Qəmbər bu gün Bakıya dönmək istəyib. Ancaq Ankaraya getmişkən, müayinə ilə yanaşı bəzi görüşlər də keçirmək istəyir. Dostları daha bir neçə gün orada qalaraq görüşlər keçirməsini məsləhət bilib”.
Bununla belə, Gülağa Aslan İsa Qəmbərin Ankaraya bakılı həkimlərin müşayiəti ilə getməsi haqda heç nə bilmədiyini deyib:
“Ola bilsin ki, həkimlər onu müşayiət edib. Ancaq şəxsən mən onu müşayiət edən həkim görməmişəm. Bilirəm ki, Arif Hacılı ilə gedib. Bakıda Mərkəzi Klinikanın baş həkimi İsa Qəmbəri evə buraxmağa razı idi və problemin olmadığını deyib. Gedəndə onu həkim müşayiət edibsə, bu, xəstəxananın istəyi ola bilər. Mən bu məsələdən məlumatsızam”.