CNN kanalının jurnalistləri iki ay əvvəl Şanlıurfada həbs edilən və İŞİD-in “səhiyyə naziri” kimi təqdim olunan Kefah Bəşir Hüseyn və onu tanıyan şəxslərlə görüşüb.
Teleqraf.com xəbər verir ki, ixtisasca həkim olan Hüseyn İŞİD-in ali rəhbərliyində təmsil olunub.
O, İraqın türkmən kəndi olan Telafərdə doğulub, Mosul şəhərində tibb təhsili alıb. Ailəsi 1970-ci ildə şiə məzhəbindən imtina edərək sünniliyi seçib. Əfqanıstanda baş verənlər, Səddam Hüseynin devrilməsi, üsyançılarla ABŞ əsgərlərinin davranışı Hüseyndə ABŞ-a nifrət yaradıb.
Bu səbəbdən ABŞ əsgərləri Telafərə gələndə Hüseyn onlara qarşı döyüşlərdə ön cəbhədə yer alıb.
O, deyib ki, Telafərdə yerləşən mənzili amerikalılara qarşı tədbirlərin planlanması mərkəzi olub.
Kefah Bəşir Hüseyn 2004-cü ildə Əl-Qaidənin liderlərindən olan Əbu Musab el Zarkavinin qurduğu “Təhvid vəl Cihad”a qatıldığını, bu şəbəkənin səhiyyə işlərini idarə etdiyini deyib.
Bir dəfə həbs edilib azadlığa buraxılan Hüseyn 2014-cü ildə Mosulda İŞİD-ə qoşulduqdan sonra yenidən ortaya çıxıb. O, “qaçmağa çalışan həkimləri dərhal öldürün” təlimatı verməsi ilə tanınır.
İŞİD-in Mosulu işğal etməsindən iki ay sonra Hüseynin xanımı Bağdada qaçıb. Bu səbəbdən də İŞİD-in “səhiyyə naziri” İslam dövlətinin xəlifəsi Əbubəkir Bağdadiyə yaxın bir qadın həkimin qızı ilə ikinci dəfə evlənib.
“Səhiyyə naziri” CNN kanalının bəzi suallarına “şərhim yoxdur, istintaq davam edir” deyərək cavab verməkdən yayınıb.
Qeyd edək ki, sonuncu dəfə 2017-ci ilin yayında Deyr-əz-Zor istiqamətində Əl Mayadində görünən Hüseyn YPG-nin nəzarətində olan ərazidən Türkiyəyə keçə bilib. Saxta qaçqın sənədi ilə saxlanılan Hüseyn barədə hazırda Şanlıurfada istintaq aparılır. İŞİD-in “səhiyyə naziri” iddia edir ki, altı ay öncə terror təşkilatından ayrılıb.