7 Avqust 2014 17:55
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan AŞPA-nın növbəti sesiyasında Azərbaycan Ermənistana qarşı sanksiyaların tətbiqi barədə məsələ qaldıracaq. Bu barədə Azərbaycanın AŞPA- da nümayəndə heyətinin sədri Səməd Seyidov AzərTAc-a müsahibəsində xəbər verib.

“Ermənistanın Azərbaycan mövqelərinə təxribat xarakterli basqınları, son günlərdə baş verən hadisələr bu ölkəyə qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya ciddi sanksiyalar tətbiq edilirsə, Ermənistan barədə də ciddi ölçü götürülməlidir. Biz beynəlxalq təşkilatların tribunasından, o cümlədən Azərbaycanın Avropa Şurasına üzv olduğu vaxtdan indiyədək AŞPA-da bu məsələni dəfələrlə qaldırmışıq. Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən 20 ildir ki, işğal altında saxlandığını dönə-dönə vurğulamış və işğalçıya qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Lakin Avropa Şurasında bir üzv ölkənin digər üzv ölkənin ərazilərini işğal etməsi faktına soyuqqanlı yanaşma nümayiş etdirilir və təşkilat bu illər ərzində heç sanksiya barədə düşünmək belə istəmir. Təəssüf ki, Avropada, eləcə də dünyada hələ də tarixin dərslərindən düzgün nəticə çıxarılmır.

Bir neçə gün bundan əvvəl Avropa ölkələrinin rəhbərləri Birinci Dünya müharibəsi qurbanlarının xatirəsini andılar və bütün dünyaya çağırış etdilər. Dünya ictimaiyyətini ədalətə, sülhə və humanizmə, tolerantlığa səslədilər. Bu, tədbirdə Ermənistan nümayəndəsinin iştirakı isə səslənən çağırışlarla əsla üst-üstə düşməyən bir məqamdır. Çünki Ermənistan prezidenti özü şəxsən etiraf edib ki, Xocalı faciəsi zamanı azərbaycanlıların, dinc əhalinin kütləvi qətliamında iştirak edib və buna haqq qazandırır. Ümumilikdə isə Ermənistan öz müstəqilliyini çoxdan itirmiş bir ölkədir və bu ölkə beynəlxalq hüquqa zidd olan bir siyasət yürüdür.

Bu baxımdan Azərbaycan ictimaiyyəti Ermənistanın cəzalandırılmasını və ədalətin bərqərar olunmasını haqlı olaraq tələb edir”.

Ülviyyə


Müəllif:

Oxşar xəbərlər