Türkiyənin Əskişəhər şəhərində pizza çatdırılma şirkətində kuryer kimi çalışan Burak adlı şəxsin pizzaya tüpürdükdən sonra onu müştəriyə təqdim etməsilə bağlı məhkəmə prosesi davam edir.
Teleqraf.com xəbər verir ki, gənc etdiyi hərəkəti öz mobil telefonuna çəkib və hadisə binanın təhlükəsizlik kamerasına düşüb. Binanın sahibinin qohumu kamerada kuryerin hərəkətini görəndən sonra bu barədə pizza sifariş edən Hüseyn Alyüzə məlumat verib. Olaydan sonra kuryer işdən qovulub. Sözügedən hadisə məhkəmə predmetinə çevrilib.
Şirkətin vəkili hadisənin əvvəldən planlaşdırıldığını deyərək olayla bağlı görüntülər məhkəməyə təqdim olunmadan internetdə yayıldığına görə şikayətin rədd edilməsi tələbi ilə çıxış edib: “Qurğu qurulub, bizi şantaj edirlər. Şirkətimizdə 100 nəfər işləyir, oların çörəyini əllərindən almaq istəyirlər”.
Şikayətçi Hüseyn Alyüz isə hadisədən əvvəl 82 kq çəkidə olduğunu və iyrəndiyi üçün daha yemək yeyə bilmədiyini, 6 kilo arıqladığını bildirib: “Kuryerlə əməkdaşlıq etdiyim iddia olunur. Bu, qətiyyən belə deyil. Mən binanın sahibi ilə bir ildir küsülüyəm. Təhlükəsizlik kamerası ilə kuryer arasında 1 metr məsafə var. Şantaj iddiasını qəbul etmirəm. Pizza şirkəti axı dəfələrlə üzr istəyib”.
Hakim tərəfləri barışığa dəvət edərək şahid ifadələrinin dinlənilməsi üçün prosesi iyulun 11-dək təxirə salıb.