16 May 2018 10:12
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı məlumat yayıb.

İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumatda deyilir ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Qeyd olunmalıdır ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı RİH və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. RİH tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayicı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr kökürülüblər.

Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb və onlar ümıd edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaq.

***

10:03

Ötən gün Bayıldakı yeni sürüşmə sahəsində 3 ev tamamilə dağılıb, 22 qəzalı evin sakinləri isə gecə ilə köçürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, dünən sürüşən sahə əvvəl sürüşməyə məruz qalan ərazi deyil: "Bu sürüşmə yeni sahədir, burada aşınma gedir. Bunun səbəbi də yüklənmədir, yamac kəsilib, nəticədə də ərazidə təbii aşınma hadisəsi baş verir, çünki dayanıqlılıq yoxdur. Burada 60-70 il əvvəl tikilmiş evlər var".

Ə.Qaralov qeyd edib ki, ərazidə gərginlik davam edir: "Hazırda ərazidə müşahidələr aparılır. Sürüşmə nəticəsində yaranan çatı gözlə görmək olur, təxminən, 4-5 santimetr eni olan çatın, uzunluğunu hələ dəqiq deyə bilmərik. Çat boyu yerləşən evlərdə isə təbii ki, gərginlik qalmaqdadır".

Mütəxəssis qeyd edib ki, hazırda ərazidə bir neçə qurumun əməkdaşı var.


Müəllif: Mənbə/Report