2 İyun 2018 10:51
3 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunda polisə bilə-bilə yalan məlumat verməkdə təqsirli bilinən Günəş Mikayılzadə və Zabit Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki rayon Məhkəməsində hakim Elçin Mehdiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, 2017-ci ilin noyabrında Şəki rayon sakini Məhəmməd Şirinov Şəki şəhər-rayon polis şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadıqları evə basqın etdiyini, bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağlayaraq, onu öldürəcəyi barədə hədə-qorxu gəldiyini bildirib.

Hadisə yerinə baxış keçirilərkən həqiqətən də Günəş Mikayılzadənin əllərinin və ayaqlarının bağlanıldığı aşkar edilib.

Araşdırmalar zamanı Günəş Mikayılzadə baş vermiş hadisə ilə bağlı rəfiqəsi Ayşən Camalzadədən şübhələndiyini bildirib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Günəş Mikayılzadənin ağır cinayət hadisəsi törədilməsini səhnələşdirərək, bilə-bilə yalan ifadə verdiyi müəyyən edilib.

Aparılan araşdırmalarla Günəş Mikayılzadənin tanışı Zabit Salmanovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, rəfiqəsindən qisas almaq məqsədilə əvvəlcədən qurulan plan üzrə Zabit Salmanovun onun əllərini və ayaqlarını bağlayaraq yaşayış evini tərk etdiyi müəyyən edilib.

Məlum olub ki, Günəş Mikayılzadə oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının həmin qadın tərəfindən oğurlanması barədə polis çöbəsinə müraciət edib, lakin fakt öz təsdiqini tapmayıb.

İstintaq orqanı tərəfindən Günəş Mikayılzadə və Zabit Salmanovun barəsində Cinayət Məcəlləsinin 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə ittiham elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.

Növbəti proses iyunun 7-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər