22 İyun 2018 12:25
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaraməryəm-İsmayıllı yolunun 46-cı kilometrliyindən ayrılan Sumahallı-Qalacıq kəndinə giriş yolunun 7-ci kilometrliyində, Qalacıq çayı üzərində olan körpü uçmayıb. Yağan yağışlar nəticəsində körpü təhlükəli vəziyyətə düşüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Bunu Teleqraf.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, ərazidə alternativ yolun çəkilməsi istiqamətində iş aparılır: “Körpüyə baxış keçirilib, onun bərpası istiqamətində lazımi tədbirlər görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ərazidədir. Tez bir zamanda körpü bərpa olunaraq istifadəyə veriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Qalacıq çayı üzərində olan və iki kəndi birləşdirən körpü sel daşması nəticəsində yararsız hala düşüb: “Körpünün uçması sellə əlaqədar sürüşmə prosesi yox, yağış suları nəticəsində yaranmış erroziyadır. Görünür, həmin körpü istismar müddətini başa vurub”.

Əziz Qaralov hazırda rayonda iki yaşayış məntəqəsində sürüşmə aktivliyinin gücləndiyini və bir neçə evə təhlükə olduğunu deyib: ”Nazirliyin əməkdaşları dünən İsmayıllı rayonunun inzibati ərazisi olan Lahıcdan 7 və 11 km yuxarı hissədə yerləşən Müdrüsə və Qoydan yaşayış məntəqəsində İcra Hakimiyyətinin müavini, yerli icra nümayəndələri ilə birgə baxış keçiriblər.

Orada sürüşmə prosesi davam edir. Həmin ərazi İsmayıllı rayonuna daxildir, orda 15-20-yə yaxın ev var. Qoydan kəndində qəzalı vəziyyətə düşən evdə yaşamaq təhlükəli olduğundan ailə qohumugilə yerləşdirilib. Hazırda ərazidə sürüşmə aktiv fazadadır”.

Qeyd edək ki, dünən Qaraməryəm-İsmayıllı yolunun 46-cı kilometrliyindən ayrılan Sumahallı-Qalacıq kəndinin giriş avtomobil yolunun 7-ci kilometrliyində Qalacıq çayı üzərində olan körpüsünün uçması nəticəsində kəndin rayonla əlaqəsi kəsilmişdi.


Müəllif: Elxan Süleymanov