Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistana köçürülmüş suriyalı ermənilərə dəstək üçün yeni proqram hazırlayıb.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, IRIS adlanan proqram Azərbaycanın işğal edilmiş ərazilərinə (Dağlıq Qarabağ) köçürülmüş ermənilərə də şamil ediləcək.
Bu barədə açıqlama verən Qızıl Xaç Komitəsinin İrəvan bürosunun rəhbəri Anna Yeqiazaryan bildirib ki, proqram Ermənistandakı suriyalı ermənilərin müdafiə edilməsini və cəmiyyətə inteqrasiya olunmasını nəzərdə tutur.
Proqram çərçivəsində Ermənistan və Dağlıq Qarabağ ərazilərində yaşayan 9000 suriyalı erməniyə, yaxud 300 ailəyə davamlı olaraq humanitar yardımlar ayrılacaq.
IRIS proqramı Avropa İttifaqının MADAD fondu tərəfindən maliyyələşdirilir. Avstriya İnkişaf Agentliyinin də alternativ sərmayədar olduğu proqram çərçivəsində suriyalı ermənilər üçün 3.3 milyon avro büdcə nəzərdə tutulub.
Qeyd edək ki, iki gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Suriyanın İrəvandakı səfiri Məhəmməd Hacı İbrahimlə görüşündə də məsələ ətrafında müzakirə aparılmışdı. Paşinyanın Suriya hökumətindən Ermənistana köçmək istəyən suriyalı ermənilərə dəstək istəyinə cavab olaraq, səfir hökumət başçısı Bəşər Əsədin hər cür yardım edə biləcəyi əminliyini çatdırıb.