Hirkan Milli parkının ərazisində yangın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 27-də saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli parkının ərazisinə keçib. Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.
Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.
Hirkan Milli Parkında baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
Məlumatda deyilir ki, iyulun 27-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.
Parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saatlarında söndürülüb.
***
22:58
Lənkəranda Hirkan Milli Parkının ərazisində yanğın başlayıb.
Rayonun Şovu kəndinə yaxın ərazidə qeydə alınan yanğının söndürülməsinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi ilə yanaşı, mülkü əhali də cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.