Qobustan rayonunda ailə münaqişəsi cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, rayonun Poladlı kəndində 1992-ci il təvəllüdlü Siyatel İbrahimova həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ağababa Əkbərov ilə mübahisə edib.
Mübahisə zamanı Siyatel İbrahimova əlindəki dəmir qabla ərinin baş nahiyəsinə zərbə endirib, daha sonra qayınanası Tahirə Əkbərovaya balta ilə xəsarət yetirib.
Məlum olub ki, Siyatel İbrahimovanın xəsarət yetirməsi nəticəsində Ağababa Əkbərov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Bundan bir neçə saat sonra Tahirə Əkbərova oğlunun gəlini tərəfindən döyüldüyünü eşidib və oğlunun evinə gəlib.
Evin həyətində Tahirə Əkbərova gəlini ilə mübahisə edib. Mübahisə zamanı baltanı götürən Siyatel İbrahimova ona da xəsarət yetirib.
Siyatel İbrahimova ilə Ağababa Əkbərov bir neçə ildir ki, ailəli olsalar da, onların arasında rəsmi nikah olmayıb.
Faktla bağlı Qobustan rayon Prokurorluğunda cinayət işi başlanıb.