11 Sentyabr 2018 13:11
2 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara dəniz çimərliklərinin birində boğulan Türkiyə vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin II kurs tələbəsi Hüseyn Topşirin yaxın dostu, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev mərhum dostu barədə xatirələrini Teleqraf.com-la bölüşüb.

O qeyd edib ki, H.Topşir 1995-ci idə Türkiyənin Qara dəniz sahilində yerləşən Girəsun şəhərində anadan olub:

“Atası Girəsundakı məscidlərin birinin imamı idi. Daha sonra iş yeri Almaniyaya dəyişdirildi. Hazırda Almaniyadakı məscidlərdən birində işləyir. Hüseyn bu vəsilə ilə atasından mükəmməl dini biliklər əxz edir və “Qurani-Kərim”i oxumağı öyrənir. Orta məktəbi anadan olduğu Girəsunda bitirir. Arzusu öncə əsgər olub Türkiyəni saran terror bəlasına qarşı savaşmaq idi. Daha sonra fikrini dəyişir, həkim olaraq hərbi hosptalda yaralı mehmetçikləri müalicə etməyi öz gələcək arzu və məqsədinə çevirir. Hüseyn dünyəvi elmləri öyrənəcək, öz vətəninə ləyaqətlə xidmət edəcəkdi. Necə ki, qısa ömrünü ləyaqətlə yaşadı”.

Z.Əmrəliyev bildirib ki, H.Topşir yuxarıda qeyd olunan məqsədinə çatmaq üçün ingilis dilini mükəmməl öyrənir:

“Türkiyədə yaşanan terrorla yanaşı Hüseyni narahat edən digər məsələ Azərbaycan torpaqlarının işğalı idi. Təkcə onu deyim ki, ordumuz nə vaxt şəhid verirdisə,Hüseynin sosial şəbəkədəki profilində “Şəhidimiz var. Vətən başın sağ olsun” qeydini görürdüm. Burdan da onun Azərbaycanı öz vətəni hesab etdiyi bəlli idi. Elə buna görə də təhsil alacağı ölkə kimi Azərbaycanı seçdi. O, Türkiyədə xaricdə təhsillə bağlı girdiyi imtahanda böyük müvəffəqiyyət qazanır. Seçim zamanı Avropanın aparıcı dövlətlərinin universitetlərini seçmək şansının olmasına rəğmən, vətənindən ayrı qalmaq istəmir. Buna görə də 2016-ci ildə Azərbaycan Dövlət Tibb Universtetinin müalicə işi fakültəsinə daxil olur. Qaydalara görə təhsilinin yarısını – 3 ilini Azərbaycanda, 3 ilini Türkiyədə alacaqdı. Tədris dili ingilis dili idi”.

Müsahibimiz mərhumla tanışlığının tarixçəsini də danışıb:

“Hüseynlə 2017-ci ildə tələbə yataqxanasında tanış oldum. Burada tələbələr üçün namaz otağı fəaliyyət göstərirdi. İlk günlər ibadət üçün bu otağa girdikdə küncdəki masada sarı saçlı, mavi gözlü bir oğlanın sakitcə dərslərini hazırladığının şahidi oldum. Bir əlində tutduğu kitabdan nəsə oxuyur, bir əli ilə də planşetlə oxuduqlarını araşdırırdı. Sonradan mən də dərslərimi həmin otaqda hazırlamağa başladım. Çünki otaq sakitlik idi. Bu gənc orada tam sakit bir mühit yarada bilmişdi. Hüseynin xüsusi dərs çalışma vaxtı var idi. Axşam 6-da başlayan çalışma saatını səhər saat 6-da yekunlaşdırırdı. Tanışlığımız qısa zamanda böyük dostluğa çevrildi. Tibb üzrə təhsil alan bu gəncin mənimlə tarix və siyasət mövzusunda geniş söhbətlər etdiyini görüb onun hərtərəfli bilik sahibi olduğunu qətiləşdirdim. Türkiyədəki istiqlal savaşından böyük heyranlıqla danışar və bu barədə xeyli müzakirə aparardıq. Söhbətlərimiz zamanı ailəsinə bağlı olduğunu, qardaşını xüsusilə çox sevdiyini və ondan çox şey öyrəndiyini demişdi. Futbolu hədsiz çox sevər, bazar gününün çox hissəsini futbol oynamaqla keçirərdi. Hətta, futbol oynayarkən, ayağını zədələmişdi. Buna rəğmən, futboldan əl çəkə bilmədiyini deyirdi. Bir illik dostluğumuz zaman bu gəncin heç kimin xətrinə dəymədiyinin, hər zaman adi bir məsələ ilə bağlı halallıq aldığını görüb ona olan rəğbətim daha da artırdı. Bir gün onu özümün ən çox sevdiyim yemək olan avar xəngəlinə qonaq elədim. Hüseynin bu yeməkdən xüsusi həzz aldığının şahidi oldum. O, bu yeməyi çox sevdiyini, Azərbaycanda yediyi ən dadlı yemək olduğunu demişdi. Hüseynin mənə ən çox təsir edən sözü isə ona “Azərbaycan sənin ikinci vətənindir” dediyim zaman “vətənin birincisi, ikincisi olmur, qardaş. Türkiyə mənim necə vətənimdirsə Azərbaycan da elə vətənimdir” sözü olmuşdu.

Z.Əmrəliyev H.Topşirin dənizi çox sevdiyini, həmçinin, sahildə gəzməyi xoşladığını vurğulayıb:

“Suda üzməkdən xüsusi həzz aldığını deyirdi. Hətta, bir gün zarafatla gözlərinin maviliyini dənizdən aldığını demişdi. O, gözlərinin maviliyini dənizdən almışdı, dəniz isə onu bizdən aldı. Ləyaqətli, mərd, şərəfli, qəlbi vətən üçün yanan inanclı qardaşım gedərkən bizləri tam yıxmamağı da bacardı. Hələ də tapılmaması “bəlkə də sağ tapılar” düşüncəsini ağlımızdan çıxarmır. Ona “öldü” deyə də bilmirik. Elə getdi ki, aramızdan… Hüseyn ölüm adını belə özünə götürmədi. O, ölməzliyini və heç vaxt dostlarını tərk etmədiyini göstərdi. Sağ olsa da, vəfat etsə də, Allahın rəhməti üzərində olsun. Allah ailəsinə səbr versin”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər