1 Oktyabr 2018 11:29
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim Azad Ələkbərov vəfat edib.

Bu barədə Teleqraf.com-a Azad Ələkbərovun vəkili Fuad Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, Azad Ələkbərov Müdafiə Nazirliyinin hospitalında sentyabrın 28-dən 29-na keçən gecə ölüb.

Qeyd edək ki, Azad Ələkbərov bir müddət əvvəl infarkt keçirib. O, Mərkəzin şöbə müdiri vəzifəsində çalışıb.

Mərkəzdə baş verən yanğın hadisəsindən sonra Azad Əkbərovun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan xəstəliyi ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib.

Cinayət işi məhkəməyə göndərilən zaman Azad Əkbərovun işi ayrıca icraata götürülüb və məhkəməyə göndərilməyib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov, mühəndis Mahir Abdullayev, həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova və mərkəzdə müalicə alan xəstə Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə martın 2-də, saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

Məmməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham elan edilib.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq araşdırması zamanı həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova barəsində cinayət işi başlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinə görə, Afət Məmmədova mərkəzdə yanğın törətmiş Məhəmməd Məmmədovun həkimi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər